AZ

Özbəkistanda Xalid Səid Xocayevə həsr olunmuş kitab təqdim edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 aprel, AZƏRTAC

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində görkəmli türkoloq, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevə həsr olunmuş “Xolid Said Xo‘jayev” kitabının təqdimatı keçirilib. Özbək dilinə tərcümə edilən kitabın müəllifi Azər Turandır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Tədbirdə çıxış edən universitetin rektoru Sanjar Adilov Azərbaycan və Özbəkistan münasibətlərinin ortaq tarixi və mədəni köklərə əsaslandığını vurğulayaraq bu əlaqələri bir-birini tamamlayan iki qardaş xalqın qarşılıqlı inkişaf modeli kimi dəyərləndirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli söyləyib ki, təqdim olunan nəşr Xalid Səid Xocayevin zəngin elmi irsinin sistemli şəkildə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Kitab Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində nəşr olunub və bu kimi təşəbbüslər Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətə uyğun olaraq iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir. Bu nəşr eyni zamanda Türk dünyasının ortaq elmi irsinin öyrənilməsi və təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir”,-deyə A.Marifli əlavə edib.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, akademik Rafael Hüseynov, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxışlarında kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. Diqqətə çatdırılıb ki, alim özbək əsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr edib.

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru, kitabın özbək dilinə tərcüməçisi Marufcan Yoldaşov, kitabın müəllifi Azər Turan Xalid Səid Xocayevin Birinci Türkoloji Qurultaydakı fəal iştirakından bəhs edərək onun türkoloji fikrin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri çıxış ediblər.

Sonda müəllif kitabları imzalayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
azertag.az

3Mənbələr