Sonuncu dəfə bir neçə ay əvvəl dostumuz Mahir Qabiloğlunun ad günündə təbrik mətni yazmışdım. Böyük Qabildən ədəbiyyatın incəliklərini əxz edən Mahir hər sözü, hər cümləni bəyənmədiyi üçün bir vərəqi yazıb axıra çıxana kimi iki dəfə tərləmişdim. Yeyib-içmək məclislərində tez-tez "tərlətdiyimiz" Mahir Qabiloğlu yazı masası arxasında məni əməlli-başlı tərlətmişdi...
Bu gün başqa dost haqda yazmaq istəyirəm. Nə yazacam, necə yazacam - özüm də bilmirəm. Bildiyim odur ki, ad gününü təbrik etmək istədiyim adam dostların qələmindən süzülən zəhəri belə şərbət kimi başına çəkməyə hazırdır. Onun balaca Göyəzəni "göylərə baş çəkən" uca dağ kimi tərənnüm edən Səməd Vurğun qədər böyük ürəyi var.
Dostlar, gözünüz aydın, bu gün Aqilin 50 yaşı tamam olur. İyirmi beş il əvvəl qələm-dəftəri dizinin ustündən əskik olmayan, sıravi müxbirlikdən baş redaktorluğa yüksələn, sözü ilə əməli həmişə üst-üstə düşən Aqil Camalı deyirəm. Bir əli qələmdə, bir əli vicdanının üstündə olan, həmişə haqqın yanında olan, oxucunun dostu olan Aqildən danışıram...
Onun böyük ürəyi var. Soruşsanız nə qədər böyük, tərəddüd etmədən belə cavab verərəm: Turk Dünyası boyda.
Bəlkə də ilk addımlarını Kəlbəcərin ucsuz-bucaqsız çöllərində atdığı üçün Allah ona belə geniş ürək verib.
Allah Aqilə hər şeyi ürəyinə görə verib.
Sizə Aqilin hansı müsbət keyfiyyətlərindən danışım? Zəhmətkeşliyindən yazım? Bunun belə olduğunu məndən yaxşı bilirsiniz. Axşama kimi üç tədbirə qatılan, gün ərzində qulağı natiqlərdə, gözü telefonun ekranında olan, "Türküstan"ın zəhmətkeş kollektivinə tövsiyə verən, mətnlərdə gözdən qaçan səhvi düzəldən, "yolunu azan" vergili yerinə qaytaran Aqil Camal hər cür xoş sözə, tərifə layiqdir.

Bu qədər iş-gücün arasında televiziyalara açıqlama verməyə vaxt tapan, ölkəmizdə və regionda baş verən hadisələri məntiqin süzgəcindən keçirib tərəfsiz və qərəzsiz təhlil edən təcrübəli jurnalisti, savadlı eksperti tərifləməyib kimi tərifləyim? Ölkədə QHT institunun inkişafında danılmaz xidmətləri olan Aqil Camalın bu sektorun möhkəmlənməsinə verdiyi töhfələri xatırlatmamaq ədalətsizlik olardı. Əmin olun ki, "Ortaq Dəyərlər" milli dəyərlərimizin qorunub-saxlanılmasına hələ çox töhfələr verəcək.
Dost sarıdan bəxtim gətirib. Hamısı istedadlı adamlardır. Anadolu türkləri demişkən, adam kimi adamlardır. İki il əvvəl hörmətli Rəşad Məcid haqda belə yazmışdım: Onu tərifləyəndə adam utanmır. Aqil Camal da bu kateqoriyaya daxil olan insanlardandır. Özü tərifi xoşlamasa da, hər cür tərifə layiqdir...