AZ

Əliyar Ağayevin səhvləri, Rəhim Həsənovun “hücumu”, Fərəcullayevin susqunluğu…

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Əliyar Ağayevin Azərbaycan kubokunun “Turan Tovuz” – “Zirə” yarımfinal oyununda (0:2) ciddi səhvlərə yol verdiyini etiraf etdi.

Rəsmi şəkildə bəyan edildi ki, FİFA referisi qonaqların qapısına iki “təmiz” penaltini verməyib. Kuluarlarda gəzən söz-söhbətə görə, Ə.Ağayev və həmin matçın VAR hakimi Cavid Cəlilov cəzalanıblar. Lakin cəzanın neçə oyundan ibarət olmasına dair heç bir məlumat verilmir. Onsuz da çempionatın bitməsinə cəmi 7 tur qalır, amma güman etmirəm ki, Ə.Ağayev mövsümün sonuna kimi təyinat almasın. Hər halda bunu zaman göstərəcək.

“Turan Tovuz” böyük ehtimalla, 2 topun əvəzini çıxa bilməyəcək və komanda kubokda finaldan kənarda qalacaq. Bəs bunun cavabını kim verəcək? Hakimlər Komitəsinin sədri Rəhim Həsənov, Nigar Arpadarainin parlamentdə köməkçisi olmuş, AFFA-ya gələnə qədər Tofiq Bəhramovla Eldar Əzimzadəni səhv salan Hakimlər Departamentinin sədri Bəhruz Teymurov, yoxsa, baş katib Cahangir Fərəcullayev? Əslində bu boyda qalmaqaldan sonra AFFA-nın baş katibinin də məsələyə münasibət bildirməsi maraqlı olardı.

Tovuz klubunun prezidenti Ehtiram Quliyevin emosianal çıxışı barədə saatlarla danışa, onun daha səbrli davranması ilə bağlı fikirlər yürüdə bilərik. Amma təsəvvür edin ki, həmin gün səhər saatlarında Konfransda AFFA-nın prezidenti Rövşən Nəcəf özəl sektoru futbola sərmayə qoymağa çağırır, sponsorların artmasının vacibliyini vurğulayır. Bundan bir neçə saat sonra futbola sərmayə qoyan iş adamının klubunun başına bu cür oyun gətirilir.

Rəhim Həsənov-Əliyar Ağayev münasibətlərindən mətbuatda hamı yazır. Bir çoxları düşünür ki, komitənin sədri qəsdən Ə.Ağayevin səhvlərini qabardır, digər hakimləri isə qorumağa çalışır. Əgər həqiqətən də belədirsə, deməli, Hakimlər Komitəsinin daxilində ciddi oyunlar gedir və bunun sonu heç də yaxşı yekunlaşmayacaq. Ümumiyyətlə, Ə.Ağayevin monitora baxdıqdan sonra qərarını dəyişməməsi ciddi suallar doğurur. Belə çıxır ki, o, ya qaydaları bilmir, ya da qəsdən belə edir. Açığı birinci varianta inanmaq mümkün deyil, Əliyar FİFA referisidir və Çempionlar Liqasında kifayət qədər ciddi oyunlar idarə edib. Qalır ikinci məsələ – qəsdən. Amma əldə fakt yoxdursa, buna da inanmaq olmaz.

Məncə, bu, hakimliklə bağlı son qalmaqal olmayacaq. Mövsümün sonunda bundan da betər hadislərin şahidi ola bilərik. Hakimlərin psixoloji baxından basqı altında olması da onların fəaliyyətinə ciddi təsir göstərir. Dünən Qurban Qurbanovun da dedyi kimi “hakimlər sanki bir az təzyiq altındadırlar. Çünki ən çox müzakirə edilən onlardr, basqı onlaradır”.

Seçilən
8
msport.az

1Mənbələr