AZ

“Otaqlardan kəskin iy gəlir, oturmaq mümkün deyil, direktorun otağı ümumiyyətlə yoxdur” - FOTO+ÖZƏL

“Binasız, yersiz, yurdsuz olmaq çox çətindir. Bütün bu çətinliklərə baxmayaraq biz Bakı Uşaq və Gənclər teatrı olaraq çox böyük işlər görürük. Yorulmadan, dayanmadan və fasiləsiz işləyirik. Bizim bu gün ən böyük layihəmiz “Addım-addım Vətəndə”-dir. Bu layihə ilə bütün bölgə teatrlarında oluruq, böyüklər və uşaqlar üçün rəngarəng tamaşalarla qastrol səfərlərinə gedirik. Böyük çətinliklərə baxmayaraq işləyirik, zövq alırıq. Təmirsiz mədəniyyət evində işıq qurmuşuq, oranı musiqi avadanlığı ilə təchiz etmişik ki, körpə balalarımız üçün tamaşa oynaya bilək. Binamız olsaydı daha gözəl işlər görərdik. Amma təəssüflər olsun ki, yoxdur. Qızlar bir otaqda oturur, oğlanlar da ayrı otaqda. Otaqlardan kəskin iy gəlir. Oturmaq mümkün deyil. Nəmişlik iyi aləmi bürüyüb. Direktorun otağı faktiki olaraq yoxdur. Biz görmüşük ki, direktor rahat otağında oturar və işini görər, tapşırıqlarını verər. Çünki bütün teatrın məsuliyyəti, yükü onun çiynindədir. Amma İntiqam müəllimin otağı da yoxdur. Balaca bir yerdir. Orada bir neçə nəfər oturur. Bizə bir az stimul vermək istəyirlərsə, bina versinlər. İnanın ki, bu bizim illərdir ən böyük arzumuzdur”.
 
Bunu Moderator.az-a açıqlamasında rejissor, aktrisa İlhamə Əhmədova deyib.
 
O daha sonra əlavə edib:
“Bölgə teatrlarının çox gözəl tamaşaçıları var. İnanın ki, biz bu günlərdə Qazaxdan qayıtdıq. Qazax Dövlət Dram teatrının necə gözəl tamaşaçısı var. Möhtəşəm idilər! Necə sənəti sevirlər, aktyoru necə qiymətləndirirlər. Böyük zövq aldıq. Təsəvvür edin, uzaq yol getmişdik, ora gedib çatana qədər yol yorğunu olmuşduq. Amma gedib ora çatanda və səhnəyə çıxanda, o izdihamlı tamaşaçıları görəndə yorğunluğumuz çıxdı. Bu sənətə, sənətkara verilən bir qiymət və dəyərdir”.
 
İlhamə Əhmədova İrəvan Dövlət Dram teatrında hazırladığı tamaşadan da danışıb:
 
“Bu teatrda “Qaraca qız” əsərini səhnələşdirirəm. Dəvət özlərindən gəldi. Maraqlı bir tamaşa olacaq. Demək olar ki, hazırdır. Bəzi texniki tərəfləri qalıb. Onları da tamamlayıb tamaşanı təhvil verəcəm. Zivər xanım, Gümrah Ömər və aktyor kollektivi çox möhtəşəmdir. Hər birinə təşəkkür edirəm ki, mənə belə bir şərait yaradıblar. Böyük zövq alaraq çalışıram” deyə aktrisa-rejissor İlhamə Əhmədova bildirib.
Seçilən
20
moderator.az

1Mənbələr