Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda, ABŞ və İran arasında Pakistan və Türkiyənin vasitəçiliyi ilə 45 günlük atəşkəs rejiminin tətbiqi istiqamətində mühüm danışıqların getdiyi bildirilir. Bu diplomatik prosesin mərkəzində dayanan əsas şərt isə dünya iqtisadiyyatının strateji arteriyası hesab olunan Hörmüz boğazının tam şəkildə açılmasıdır; əgər rəsmi Tehran bu boğazın açılmasına razılıq verərsə, regionda müvəqqəti atəşkəs rejimi təmin edilə bilər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda bir çox dövlətlər və Avropa ölkələri üçün Hörmüz boğazı açıq olsa da, Vaşinqtonun maraqları fərqlidir: “ABŞ məhz özü Hörmüz boğazına birbaşa nəzarət etmək istəyir və bu iddialar danışıqlar prosesini hər an dalana dirəyə bilər”. Onun sözlərinə görə, İran daxilindəki hərbi-siyasi qütbləşmə atəşkəs şanslarını ciddi şəkildə sınağa çəkir: “ABŞ və İran prezidenti atəşkəsdə maraqlı olsa da, SEPAH generalları buna qətiyyən meylli deyil. Lakin SEPAH atəşkəsə getməsə, İranın mülki infrastrukturu ağır zərbələrə məruz qalacaq, həmçinin strateji Xarq adasının ələ keçirilməsi istiqamətində genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər”.

Ekspert vurğulayıb ki, tərəflər arasında razılıq əldə olunmazsa, Vaşinqtonun atacağı addımlar daha radikal xarakter ala bilər: “Donald Tramp administrasiyası İrana qarşı kiçik həcmli nüvə silahından istifadə etməklə quru hərbi əməliyyatlarına start vermək ehtimalını masada saxlayır”. Məhəmməd Əsədullazadənin fikrincə, hazırda bütün məsuliyyət Tehranın üzərindədir: “İndi top İranın qapısındadır; atəşkəs elan edilsə, hər iki tərəf burada müəyyən dərəcədə qazanmış olacaq, lakin proses hələ də son dərəcə həssas olaraq qalır”.
Aygün