AZ

Müharibə Çin-İran dəmir yolu layihəsini çökdürür - Azərbaycan üçün yeni imkanlar...

Amerika və müttəfiqi İsrailin İrana qarşı başlatdığı savaşın davam etdiyi bu günlər ərzində cənub qonşumuzun üzərindən keçməsi planlaşdırılan və Çini Avropa bazarlarına bağlamağı hədəfləyən dəmir yolu dəhlizinin taleyi ciddi sual altına düşüb. Hərbi əməliyyatlar fonunda bu strateji marşrut artıq yalnız iqtisadi layihə deyil, böyük güclər arasında geosiyasi mübarizənin bir hissəsinə çevrilib.

Çin–İran dəmir yolu layihəsi tam iflasa uğrayacaqmı, yoxsa müharibədən sonra yenidən dirçələcək? ABŞ bu marşrutun qarşısını almaq üçün nə qədər irəli gedə bilər? Qlobal ticarət marşrutları dəyişərkən, Cənubi Qafqaz, xüsusilə Azərbaycan üzərindən keçən alternativ dəhlizlərin əhəmiyyəti daha da artacaqmı?

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirdi ki, ABŞ və İsrailin İrana qarşı iki müharibəsi- biri ötən ilin iyun ayında, digəri isə bu il-İrana uzanan dəmir yolu dəhlizini qeyri-müəyyən hala gətirib: " İki müharibədə əsas hücum hədəfləri İrandakı nüvə obyektləri olsa da, dəmir yolu şəbəkəsinə də zərbə vurulub. İranı Çindən Avropaya dəmir yolu yük tranziti üçün bir qapı kimi təşviq edən müqavilə İran, Çin, Türkiyə, Qazaxıstan, Türkmənistan və Özbəkistan rəsmiləri tərəfindən imzalanmışdı. Xətt Türkmənistan sərhədindən İrana daxil olduqdan sonra Türkiyəyə uzanmalı idi. Pekin Ukrayna müharibəsinə görə, Rusiyadan keçən dəmir yolundan Avropaya məhsul nəql edə bilmir. Çin Orta dəhliz, Xəzəri dənizi və Azərbaycandan keçən dəmir yolu marşrutundan istifadə etsə də, İrana uzanan dəmir yoluna da əhəmiyyət verirdi.

Dəmir yolu dəhlizi Tehran və Pekinə ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyaları keçmək üçün potensial alternativ variant hesab edilirdi. Ticarət yolu kimi dəmir yolu dəhlizi Çin üçün dəniz yolların ilə daşınmanı azaltmağı imkan verirdi. Misal üçün dəmir yolu marşrutu Çinə Malakka boğazına və Qırmızı dənizə alternativ imkan kimi qiymətləndirilirdi. Bu marşrutlarda 2023-cü ilin noyabr ayından bəri ticarət gəmilərinə təxminən 200 hücum qeydə alınıb. İran və Çin arasında dəniz yolu ilə daşınan yüklər geosiyasi gərginlik kimi risklərə məruz qalır".

Politoloqun sözlərinə görə, hələ ötən il Çinlə Əfqanıstanı birləşdirən dəmiryolu açılıb: "Pekin bu dəmiryolunun İrana qədər uzanmasına çalışırdı. Yeni marşrut ixracın, idxalın və tranzitin, eləcə də İranın regional ticarətdə mövqeyinin gücləndirilməsində mühüm rol oynamalıydı. Çini İranla birləşdirən digər dəmiryolu Türkmənistandan keçirdi və ötən ilin ortalarında istifadəyə verilmişdi. Bu dəmir yolu marşrutu çatdırılma müddətini dəniz yolu ilə 30-40 gündən quru yolu ilə 15 günə endirirdi. Layihə Çinin "Bir Kəmər, Bir Yol" Təşəbbüsünün bir hissəsi idi və Pekinin Tehranla 2021-ci ildə imzalanmış 400 milyard dollarlıq strateji müqavilənin davamı idi. Xətt Türkmənistan və Qazaxıstandan keçir və nəticədə Çin-Avropa nəqliyyat dəhlizinin bir hissəsinə çevrilirdi.

ABŞ-ın İsraillə birgə İrana qarşı başlatdığı müharibə Çini İranla birləşdirən dəmir yollarına da təhlükə yaradıb. Qərb ekspertlərinin fikrincə, Çin İran üçün nəzərdə tutduğu hərbi texnikanı məhz dəmir yolu ilə çatdırırdı. İrana qarşı müharibə davam etdikcə, Çinin bu ölkəyə uzanan dəmir yolundan istifadəsi çətindir. Vaşinqton hazırki şərtlər altında Çinlə İran arasında dəmir yolunun istifadəsinə imkan vermək istəmir. Dəmir yolu əlaqəsinin İranın neft-kimya məhsulları, kənd təsərrüfatı məhsulları və tikinti materialları Çinə birbaşa çatdırılmasına imkan verəcək, eyni zamanda Çin elektronikası, maşınqayırma və istehlak mallarının İrana idxalı asanlaşacaq".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
33
50
musavat.com

10Mənbələr