AZ

Rusiya Ukrayna müharibəsi sonrası dəyişən logistika xəritəsi və alternativ marşrutlara yönələn tələbat Azərbaycanın tranzit rolunu gücləndirib

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə Azərbaycanın ticarət həcmi və qarşılıqlı sərmayə qoyuluşu getdikcə artır. Bu barədə Prezident İlham Əliyev, TDT-yə üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin görüşünün iştirakçılarını qəbul edərkən məlumat verib. “İqtisadi sahədə – sizin görüşünüzün əsas mövzusu da budur – işlər uğurla davam edir. Azərbaycana gəlincə, bütün üzv ölkələrlə ticarət dövriyyəmiz genişlənir, qarşılıqlı sərmayə qoyuluşu artır. Təşkilata üzv ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyulub. Əlbəttə, bunun böyük hissəsi Türkiyəyə yönəldilib. Lakin digər üzv ölkələrlə də sərmayə əməkdaşlığı davam edir. Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb və bu fondlar vasitəsilə artıq bir çox layihələr həyata keçirilir və ya onların icrasına hazırlıq işləri aparılır”, – deyə dövlət başçısı bildirib.Təşkilata üzv ölkələr arasında Azərbaycanın ticarət dövriyyəsi necə inkişaf edir?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatı üzv ölkələri ilə iqtisadi əlaqələrində müşahidə olunan artım artıq lokal tendensiya olmaqdan çıxaraq daha geniş geoiqtisadi transformasiyanın tərkib hissəsinə çevrilib: “Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi son illərdə artaraq təxminən 7–8 milyard dollar diapazonuna çatıb. Eyni zamanda, Azərbaycanın TDT məkanına yönəltdiyi birbaşa investisiyaların həcmi 20 milyard dollardan çox qiymətləndirilir ki, bu da əməkdaşlığın artıq ticarət çərçivəsini aşdığını göstərir. Bu artımın arxasında duran əsas amillərdən biri nəqliyyat-logistika infrastrukturunun genişlənməsidir. Xüsusilə, Orta Dəhliz üzərindən daşımaların son illərdə sürətlə artması xüsusi diqqət çəkir. Bu marşrut üzrə yükdaşımaların həcmi illik 60–80% artım dinamikası nümayiş etdirir”.

Əli Səlimovun fikrincə, Rusiya-Ukrayna müharibəsi sonrası dəyişən logistika xəritəsi və alternativ marşrutlara yönələn tələbat Azərbaycanın tranzit rolunu əhəmiyyətli dərəcədə gücləndirib: “Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında müşahidə olunan gərginliklər də bu tendensiyanı sürətləndirən amillər sırasındadır. Enerji sahəsində əməkdaşlıq bu inteqrasiyanın əsas sütunlarından biri olaraq qalmağa davam edir. Azərbaycanın həm enerji istehsalçısı, həm də tranzit ölkə kimi çıxış etməsi TDT daxilində qarşılıqlı asılılığı artırır və əməkdaşlığı strateji müstəviyə keçirir. Xüsusilə, Avropa bazarlarında alternativ enerji mənbələrinə artan tələbat bu rolu daha da aktuallaşdırır.

TDT ölkələri ilə ticarət Azərbaycanın ümumi xarici ticarətində hələlik dominant paya malik deyil. Lakin diqqət çəkən əsas məqam ondan ibarətdir ki, məhz bu istiqamət üzrə artım tempi digər ticarət tərəfdaşları ilə müqayisədə daha yüksəkdir. Bu isə orta və uzunmüddətli perspektivdə TDT məkanının Azərbaycanın xarici ticarət strukturunda çəkisinin mərhələli şəkildə artacağını deməyə əsas verir.

Mövcud geosiyasi məsələlər onu deməyə imkan verir ki, Orta Dəhliz üzrə yükdaşımaların 2030-cu ilə qədər ən azı 2–3 dəfə artacağı gözlənilir. Bu, Azərbaycanın tranzit gəlirlərinin və logistik əhəmiyyətinin daha da yüksəlməsi deməkdir. Paralel olaraq, TDT daxilində birgə investisiya mexanizmlərinin və sənaye kooperasiyasının genişlənməsi kapital axınlarını sürətləndirə bilər”.

Əli Səlimov vurğulayıb ki, üzv ölkələrin oxşar ixrac strukturu, logistika sahəsində bəzi məhdudiyyətlər və beynəlxalq iqtisadi qeyri-müəyyənliklər inteqrasiyanın sürətinə təsir göstərə bilər: “Yaxın Şərqdə mümkün münaqişələr və böyük güclər arasında rəqabətin dərinləşməsi regiondakı iqtisadi layihələrə dolayı təsir göstərir. Ümumilikdə, Azərbaycanın TDT ölkələri ilə artan iqtisadi əlaqələri ölkənin strateji mövqeyini gücləndirən əsas istiqamətlərdən biridir. Mövcud dinamika davam edərsə, yaxın illərdə bu əməkdaşlıq modeli daha institusional xarakter alacaq və Azərbaycanın regional iqtisadi mərkəz kimi rolu daha da möhkəmlənəcək”.

Qeyd edək ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı üzv ölkələri ilə artan iqtisadi əlaqələri yalnız ticarət və sərmayə ilə məhdudlaşmır, həm də ölkənin strateji tranzit və enerji rolunu gücləndirir. Bu dinamika Orta Dəhliz və digər alternativ marşrutlar vasitəsilə yükdaşımaların həcmini artıraraq regiondakı iqtisadi təsirini genişləndirir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
bizimyol.info

1Mənbələr