AZ

Arzuxan Əlizadə: Paşinyan və administrasiyası başa düşür ki, revanşistlərin hakimiyyətə gəlməsi Ermənistanı ciddi faciələrlə üz üzə qoya bilər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İyun ayında Ermənistanda növbəti parlament seçkiləridir və Rusiya onun fərqindədir ki, Ermənistanda növbəti dəfə Paşinyan hakimiyyətdə qalacaqsa, təbii ki, Rusiyanın Ermənistan üzərindən bölgəyə təsir etmək imkanları getdikcə zəifləyəcək. Bununla da Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya Birliyindən çıxması gündəmə gəlmiş olur. Putin administrasiyası fərqindədir ki, Paşinyanın hakimiyyətdə qalacağı təqdirdə bu proses geri dönməz xarakter alacaq və bu cür fikirlər səsləndirməklə əslində Rusiyaya qulluq etmiş, Rusiyanın marionet qüvvələri olan və bugünkü Paşinyana müxalifətdə olan erməni revanşistlərinə mesaj verərək müəyyən dəstəyini ifadə etmiş olur”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzuxan Əlizadə danışıb. Deputat qeyd edib ki, həm Rusiya prezidentinin açıqlaması, həm də onun sözçülərinin və administrasiya nümayəndələrinin bu mövzunu qabartması son bir neçə gün ərzində bir daha göstərir ki, seçki qabağı dövrdə Ermənistanda siyasi gərginlik bir qədər də artacaq.

Arzuxan Əlizadə / Foto: amip.az

Deputatın fikrincə, revanşistlərə dəstək nümayiş etdirməklə Putin əslində Paşinyanı seçki öncəsi zəiflətmək və özünə sözə baxan qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsinə dəstək vermək siyasəti yürüdür: “Paşinyan və administrasiyası başa düşür ki, bu revanşistlərin hakimiyyətə gəlməsi Ermənistanı ciddi faciələrlə üz-üzə qoya bilər. Ona görə təsadüfi deyil ki, Paşinyan erməni cəmiyyətinə xüsusilə bir mesajla təhlükələri göz önünə gətirir. Əgər Paşinyan hakimiyyətdə qalmayacaqsa, sentyabr ayında Ermənistan növbəti müharibə ilə üzləşə bilər. Revanşistlər hakimiyyətə gələcəklərsə, bu, Ermənistan üçün daha böyük faciələrə səbəb olacaq. Hazırkı erməni rəhbərliyi həm iqtisadi, həm də hərbi baxımdan Rusiyanın təsiri altında olduğunu bilir və bunun Ermənistan dövlətçiliyi üçün ciddi problemlər yarada biləcəyini dərk edir.

Cənab Prezidentin dediyi kimi, Ermənistan bu vaxta qədər dalan ölkə olub. Yalnız Rusiya vasitəsilə dünyaya çıxış imkanları olub. Əgər Azərbaycanın təklif etdiyi layihələr reallaşsa, Ermənistan tranzit ölkəyə çevrilə bilər, iqtisadiyyatını bərpa edə və Rusiya təsirindən xilas ola bilər. Ermənistan tərəfi həmçinin fərqindədir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Ermənistana da suverenliyini qorumaq imkanları tanıyıb. Paşinyan qərbyönümlü siyasət yürüdür, Rusiya ilə münasibətləri fərqli kontekstdə qurmağa çalışır; nə qədər buna nail olacağı zamana bağlıdır”.

“Erməni cəmiyyətində revanşistlərin hakimiyyətə gəlməsi ilə Ermənistanın böyük fəlakətlərə sürüklənə biləcəyi fikri dominantdır. Bu baxımdan Paşinyanın komandası daha güclü görünür və ona dəstək verəcək təbəqənin təsiri daha böyükdür. Nə qədər gərginliklər olsa da, Paşinyanın hakimiyyətdə qalmaq imkanlarını görəcəyik, amma eyni zamanda Rusiya tərəfinin təzyiqləri qaçılmaz olacaq.

İstənilən halda Azərbaycanın mövqeyi bundan ibarətdir ki, Azərbaycan əraziləri heç bir halda siyasi manipulyasiya predmeti ola bilməz. Rusiya tərəfinin sərgilədiyi mövqe yanlışdır və bu, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır” – deyə deputat qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr