AZ

ƏSAS GÜNAHKAR MOLLA REJİMİDİR

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nurəddin İSMAYIL

İranda yaşanan qırğınların, dağıntıların, axıdılan qanların, iqtisadi çöküşün, siyasi sarsıntıların əsas baiskarı ilk növbədə 47 illik molla rejimidir. Hakimiyyətə gəlişindən sonra bütün siyasi rəqiblərini, fərqli düşünən din alimlərini amansız üsullarla vurub sıradan çıxaran, sadə xalqa, onu xoşbəxt yaşadacağı ilə bağlı verdiyi vədləri pozan fırıldaqçı molla rejimi. 

Digər mütərəqqi xalqlar kimi rifah içində, təhlükəsiz, hürr yaşamağı haqq edən İran xalqı, farsından, türkündən, kürdündən, ərəbindən asılı olmayaraq 47 ildir ki, nağılbaz, fantazyor, macəraçı, cahil düşüncəli bu molla rejiminin çıxardığı anti-insani, anti-islami şəriət hökmlərinin potensial qurbanına çevrilib. Rejimdən narazılıq, ona qarşı hər hansı etiraz Allaha qarşı çıxmaq kimi qüvvəyə mindiyindən hər bir etirazçının edamı həyat normasına çevrilib.

İslamın baş şüarı ümmətin qardaşlaşması olduğu halda, molla rejiminin baş şüarı fərqli məzhəblərə malik müsəlman ölkələrinə açıq və gizli şəkildə dava açmağa xidmət etdi. Bütün müsəlmanları imperialist qüvvələrə qarşı səfərbər etməkdə rol almaq əvəzinə, dini ayrı-seçkiliyə rəvac verən şiə hilalını genişləndirməyə əl qoydu. Məzhəb xəstəliyi bir zamanlar onu Amerikanın Pakistana, Əfqanıstana yönəlik mürtəce siyasətində ön plana çəkdi.

Bu gün arxasında duran, İsrail-ABŞ cütlüyünün İrana qarşı açdığı savaşı önləməyə çalışan Türkiyə, 47 illik molla rejiminin məzhəbçi siyasətinin hədəfinə çevrildi. Məzhəbdən, dindən dəm vuran bu rejim Azərbaycan-Ermənistan müharibəsində məzhəb qardaşı, dindaşı Azərbaycanın yanında deyil, özünə qardaş elan etdiyi təcavüzkar Ermənistanın yanında yer aldı.

İsrail-ABŞ cütlüyünün başlatdığı müharibədə bu günkü təklənmə, molla rejiminin mövcudluğu ərzində ətrafında olan müsəlman ölkələri ilə qeyri-sağlam siyasətin, məzhəb ayrı-seçkiliyinin, mövhumata, xurafata sürüklənmənin, 90 milyonluq bir xalqı özünün fanatik istəklərinə kölə etməyin, xalqına qarşı etdiyi zülmlərin, ərazisində yaşayan köklü xalqlara qarşı assimilyasiya siyasətinin nəticəsidir.

Təbii ki, İranın bu vəziyyətə gəlməsində xarici faktorların, İsraillə, ABŞ ilə apardığı düşmənçiliyin də xüsusi yeri var və bu da İran molla rejiminin adı çəkilən ölkələrin beynəlxalq hədəflərini, onların Yaxın Şərqdə reallaşdırmaq istədikləri ekspansionist siyasətini görməzdən gəlməsi ilə əlaqədardır. Hər iki dövlətin İranda hədəflədiyi məqsədlər var və İsrail onu daim hədələyən güclü bir İranı istəmədiyi kimi, ABŞ də onun beynəlxalq siyasətində başlıca maneəyə çevrilən Çin və Rusiyanın İranın təbii sərvətlərindən geninə-boluna yararlanmasını asanlıqla qəbul edə bilməz.

Beynəlxalq hüququn işləmədiyi, güc faktorunun hüququ üstələdiyi bir şəraiti dəyərləndirməyi bacarmayan molla rejimi, nə yazıqlar ki, onu müharibəyə sürükləyən, özü ilə bərabər bütün regionu qan çanağına çevirən faktorları nəzərə ala bilmədi və İran xalqının rahatlığını pozan bu qanlı müharibənin acı nəticələrini düzgün hesablamadı.

Müharibə uzandıqca onun fəsadları da artır. İran qeyri-bərabər güclə üz-üzədir. Yüksək hərbi texnologiyanın üstünlüyündən, hərbi hava qüvvələrinin geniş imkanlarıdan yararlanan İsrail-ABŞ tandemi gün-gündən endirdiyi raket zərbələri, nöqtə atışları ilə İranın hərbi gücünü, iqtisadi rıçaqlarını yerlə-yeksan etdiyi kimi, onun hərbi-siyasi elitasını bir-bir sıradan çıxarır və İran dayanmadan xaosa sürüklənir. Rejim güclərinin göstərdiyi çabalar, İsrailə, ABŞ-nin körfəz ölkələrində olan bazalarına, obyetlərinə atdığı raketlər qarşı tərəfin hədəflərə yönəltdiyi zərbələr müqabilində yetərli deyil.

Bu arada Azərbaycanın sərgilədiyi mövqe, öz ərazisini İrana qarşı müharibədə platsdarm olmaqdan qoruma, İranın molla rejiminin bu günə qədər ölkəmizə qarşı bəslədiyi düşmən siyasətə baxmayaraq çətin anlarda ona yardımçı olması, Güney Azərbaycan soydaşlarımızın taleyi ilə bağlı verilən siyasi mesajlar, İsrail və ABŞ ilə qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq normalar üzrə davam etdirilməsi yönündə atdığı addımların təqdirə layiq olmasını bildirmək yerinə düşər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
azpolitika.info

1Mənbələr