ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 6 aprel, AZƏRTAC
Qazax Olimpiya Kompleksində Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Dünya Alpaqut Federasiyasının (DAF) Azərbaycan Nümayəndəliyi tərəfindən Alpaqut Turan Döyüş Sənəti üzrə Azərbaycan Kuboku keçirilib.
DAF-dan AZƏRTAC-a bildirilib ki, yarışda ölkənin müxtəlif bölgələrindən 28 komanda, ümumilikdə 304 idmançı iştirak edib. İdmançılar Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə bacarıqlarını nümayiş etdiriblər.
Açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədzadə, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Rafiq Qasımov bu cür yarışların gənclərin vətənpərvərlik ruhunda böyüməsində, fiziki hazırlığının artırılmasında və milli idman növlərinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, Alpaqut idman növünün inkişafı və regionlarda idmana marağın artırılmasıdır.
Kubokda Sabunçu komandası birinci, Ağdam komandası ikinci, Şəmkir və Beyləqan komandaları isə üçüncü yeri tutublar. Qaliblərə diplom və medallar təqdim edilib.






Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.