Bakı, 6 aprel, AZƏRTAC
Son günlər yağan intensiv yağıntılar zamanı paytaxtın digər əraziləri kimi, Xətai rayonunun da bəzi yerlərində yağış sularının müvəqqəti yığılması halları qeydə alınıb. İllik normadan 6 dəfə artıq su yığılıb. Xətai Rayon Su Kanal İdarəsinin operativ briqadaları ərazilərə yığılan suyu kənarlaşdırıb. Rayon ərazisi bu qurumun nəzarəti altındadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Su Kanal İdarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi Əli Məhərrəmli deyib.
"8 Noyabr prospektində səhər saatlarından müvafiq briqadalar fəaliyyət göstərir, operativ şəkildə iş görür. Sular da yol ərazisindən kənarlaşdırılıb.
Bundan başqa, Xətai rayonunda NZS, UPD qəsəbələri, Kazımağa Kərimov küçəsi, Abbas Səhhət 6 ünvanında yığılan sular briqadalar tərəfindən təmizlənib".