Bakı, 6 aprel, AZƏRTAC
Son günlər yağan intensiv yağıntılar zamanı paytaxtın digər əraziləri kimi, Xətai rayonunun da bəzi yerlərində yağış sularının müvəqqəti yığılması halları qeydə alınıb. İllik normadan 6 dəfə artıq su yığılıb. Xətai Rayon Sukanal İdarəsinin operativ briqadaları ərazilərə yığılan suyu kənarlaşdırır. Ərazi üzrə nasos stansiyaları, kollektor xətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Vəziyyət İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, eləcə də Xətai Rayon Sukanal İdarəsinin tam nəzarətindədir, işlər operativ şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xətai Rayon Sukanal İdarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi Əli Məhərrəmli deyib.
"8 Noyabr prospektində səhər saatlarından müvafiq briqadalar fəaliyyət göstərir, operativ şəkildə iş görür. Sular da yol ərazisindən kənarlaşdırılıb.
Bundan başqa, Xətai rayonunda NZS, UPD qəsəbələri, Kazımağa Kərimov küçəsi, Abbas Səhhət 6 ünvanında yığılan sular briqadalar tərəfindən təmizlənib".