AZ

Oskanyan Paşinyanı hədəf aldı

Ermənistanda daxili siyasi qarşıdurma fonunda hakimiyyətə qarşı növbəti ittihamlar səsləndirilib.

Musavat.com xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri, Azərbaycana qarşı revanşist və qərəzli mövqeyi ilə tanınan Vardan Oskanyan İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi sammitini tənqid edib.

Oskanyan bildirib ki, bu tədbirin Ermənistanda təşkili siyasi üstünlük deyil, əksinə, riskə çevrilir. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan əvvəlcə sammiti ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsinə salaraq bundan daxili siyasi dividendlər əldə etməyə çalışıb.

Keçmiş nazir iddia edib ki, Ermənistan cəmiyyəti Paşinyanın “Avropayönlü jestlərini” artıq mənasız və təhlükəli hesab edir. O, regiondakı vəziyyətin də kəskinləşdiyini vurğulayaraq xüsusilə İran ətrafında baş verən proseslərin Ermənistan üçün əlavə risklər yaratdığını yazıb.

Oskanyan əlavə edib ki, Avropa İttifaqının həm İrana, həm də Rusiyaya münasibəti fonunda Ermənistan daha həssas vəziyyətə düşür. Onun fikrincə, Paşinyanın Moskvaya son səfəri də bu gərginliyi artırıb və faktiki olaraq İrəvan qarşısında seçim məsələsini gündəmə gətirib.

Keçmiş nazir hesab edir ki, belə şəraitdə yüksək səviyyəli Avropa sammitinin İrəvanda keçirilməsi Ermənistan üçün əlavə təzyiq yarada bilər.

Oskanyan həmçinin qeyd edib ki, Ermənistanın Rusiya ilə iqtisadi asılılığı son illərdə artıb və mümkün gərginlik bu asılılığın nəticələrini daha da ağırlaşdıra bilər.

Qeyd edək ki, Azərbaycana qarşı düşmən və revanşist mövqeyi ilə tanınan Oskanyan uzun illər regionda gərgin siyasətin tərəfdarlarından biri kimi çıxış edib və bu açıqlama da daha çox daxili siyasi mübarizə kontekstində qiymətləndirilir.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr