AZ

Ermənistan geosiyasi qarşıdurma meydanı, Azərbaycanın müstəqil siyasətinin uğurlu modeli

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabət yeni mərhələyə qədəm qoyub. Qlobal güclər arasında artan gərginlik müxtəlif regionlarda fərqli formalarda təzahür edir. Əgər Rusiya ilə Qərb arasında açıq və “qaynar” müharibə Ukraynada müşahidə olunursa, Cənubi Qafqazda bu qarşıdurma daha çox soyuq müharibə formatında özünü göstərir. Bu kontekstdə Ermənistan faktiki olaraq böyük güclərin maraqlarının toqquşduğu əsas platformalardan birinə çevrilmişdir”.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tarixən Rusiya ilə sıx siyasi, hərbi və iqtisadi əlaqələrə malik olan Ermənistan son illərdə Qərbə doğru açıq şəkildə istiqamətlənməyə başlayıb. Bu isə ölkəni iki fərqli geosiyasi qütb arasında seçim qarşısında qoyur: “Bir tərəfdən Rusiya regionda öz mövqelərini qorumağa çalışır, digər tərəfdən isə Qərb. Xüsusilə, Avropa strukturları və ABŞ Ermənistana təsir imkanlarını genişləndirməyə cəhd edir. Bu rəqabət yalnız diplomatik müstəvidə deyil, həm də Ermənistanın daxili siyasi proseslərində açıq şəkildə hiss olunur. Hakimiyyət daxilində müxtəlif siyasi qruplar fərqli güc mərkəzlərinə yaxınlığı ilə seçilir, nəticədə ölkədə siyasi sabitlik tez-tez pozulur. Ermənistan cəmiyyəti isə bu geosiyasi təzyiqlərin yaratdığı qeyri-müəyyənlik şəraitində yaşayır”.

Nicat İsmayılov

Nicat İsmayılov qeyd edib ki, Qərb ölkələri adətən digər dövlətlərdə baş verən siyasi proseslərə insan haqları, demokratiya və hüququn aliliyi prizmasından yanaşdıqlarını bəyan edirlər, lakin Ermənistandakı hadisələr fonunda bu yanaşmanın selektiv xarakter daşıdığı açıq şəkildə görünür: “Ölkədə siyasi gərginliyin artması, müxalif qüvvələrə qarşı münasibət və daxili çəkişmələrə baxmayaraq, Qərbin reaksiyası olduqca yumşaq və ehtiyatlıdır. Bu da onu göstərir ki, Ermənistan Qərb üçün yalnız demokratik dəyərlərin təşviq olunduğu məkan deyil, eyni zamanda geosiyasi maraqların təmin edildiyi strateji platformadır. Belə yanaşma isə regionda uzunmüddətli sabitliyin təmin olunmasına deyil, əksinə, gərginliyin davam etməsinə xidmət edir”.

“Son dövrlərdə Rusiya ilə Ermənistan arasında münasibətlərdə də müəyyən soyuqluq müşahidə olunur. Ermənistanın Qərbə yaxınlaşmaq cəhdləri, müxtəlif beynəlxalq platformalarda fərqli mövqelər sərgiləməsi Moskvanın narazılığına səbəb olur. Bunun nəticəsində Ermənistan əvvəlki kimi tam şəkildə Rusiyanın təhlükəsizlik çətiri altında olmadığını hiss etməyə başlayıb.

Bu vəziyyət Ermənistan üçün ciddi strateji dilemma yaradır. Ənənəvi müttəfiq olan Rusiyaya sadiq qalmaq, ya da Qərblə inteqrasiyanı dərinləşdirmək. Hər iki halda isə ölkə öz suveren qərarvermə imkanlarını müəyyən dərəcədə itirmək riski ilə üz-üzə qalır”-deyən politoloqun fikrincə, bütün bu mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycan tamamilə fərqli model nümayiş etdirir. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət kursu milli maraqlara əsaslanan, balanslaşdırılmış və praqmatik yanaşma ilə xarakterizə olunur.

“Azərbaycan nə Rusiya, nə də Qərb arasında seçim etmədən, hər iki istiqamətlə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurur. Bu siyasət ölkəyə geosiyasi təzyiqlərdən kənarda qalmaq və öz müstəqil inkişaf yolunu davam etdirmək imkanı yaradır. Enerji siyasəti, beynəlxalq nəqliyyat layihələri və regional təşəbbüslər Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda, ölkənin güclü iqtisadi potensialı və siyasi sabitliyi onun beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Azərbaycan yalnız öz milli maraqlarını qorumaqla kifayətlənmir, həm də regionda sabitliyin və əməkdaşlığın təmin olunmasına töhfə verir. Sülh təşəbbüsləri, kommunikasiyaların açılması və iqtisadi inteqrasiyanın təşviqi bu siyasətin əsas istiqamətlərindəndir”-deyə Nicat İsmayılov bildirib.

Politoloqun fikrincə, Ermənistanın isə geosiyasi oyunların alətinə çevrilməsi region üçün əlavə risklər yaradır. Xarici güclərin təsiri altında verilən qərarlar uzunmüddətli perspektivdə nə Ermənistanın, nə də ümumilikdə Cənubi Qafqazın maraqlarına xidmət edir: “Mövcud reallıq onu göstərir ki, Ermənistan bu gün Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın soyuq cəbhəsində yerləşir və bu vəziyyət ölkənin daxili sabitliyinə mənfi təsir göstərir. Qərbin selektiv yanaşması və Rusiyanın öz təsirini qorumaq cəhdləri Ermənistanı mürəkkəb və riskli vəziyyətdə saxlayır. Azərbaycan isə müstəqil, balanslı və milli maraqlara əsaslanan siyasəti ilə regionda sabitliyin və inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kurs ölkənin suverenliyini möhkəmləndirir, onu qlobal güclər arasında etibarlı və söz sahibi olan aktora çevirir. Beləliklə, Cənubi Qafqazda baş verən proseslər bir daha sübut edir ki, uğurlu dövlət modeli xarici təsirlərdən asılılıq deyil, milli maraqlara söykənən müstəqil siyasət üzərində qurulmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
50
icma.az

10Mənbələr