Yasamal Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Nağı Bədəlovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 20 fevral 2026-cı il tarixdə, saat 12:30 radələrində paytaxtın Yasamal rayonu ərazisində yerləşən avtomobil təmir sexində qeydə alınıb.
Belə ki, usta Nağı Bədəlovla müştəri, zərərçəkmiş Namiq Yusifzadə (adı, soyadı şərtidir) arasında avtomobilin təmir edilməsi ilə bağlı razılaşdırılmış öhdəliyin yerinə yetirilməməsi səbəbindən narazılıq yaranıb. Təqsirləndirilən şəxs ona verilmiş avtomobili vaxtında rəngləmədiyinə görə tərəflər arasında mübahisə baş verib. Bu zaman Nağı qəsdən əli ilə zərərçəkmiş şəxsin üz nahiyəsinə zərbə endirib. Nəticədə Namiqə üst çənənin sağ tərəfində birinci dişin travmatik laxlaması, diş ətinə qansızma, üst dodağın selikli qişasında qansızma və əzilmiş yara, həmçinin boyun nahiyəsində qançır kimi xəsarətlər yetirilib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.
Hadisədən sonra Nağı Bədəlov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov