AZ

“Bu, sadəcə bədbəxt hadisə deyil” – vəkil Göygöldəki faciə ilə bağlı məsuliyyət məsələsini qaldırdı

Göygöl rayonunda baş verən faciəvi hadisə bir ailənin sevincini bir anda matəmə çevirib. Oğlunun toyuna qatılan 64 yaşlı ata şadlıq sarayının fasadından qopan aqlay daşının başına düşməsi nəticəsində həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Rayon sakini, 1962-ci il təvəllüdlü Adil Hüseynovun başına restoranın yaxınlığında binanın fasadından qopan aqlay daşı düşüb. Ağır xəsarət alan kişi dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, faciə baş verən zaman mərhumun oğlunun toy məclisi həmin restoranda keçirilirmiş.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

“Bu, sadəcə bədbəxt təsadüf kimi qiymətləndirilə bilməz”

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında bildirib ki, baş verən hadisə ciddi hüquqi məsuliyyət məsələsini gündəmə gətirir:

Mənə

“Belə bir hadisənin baş verməsi dərin təəssüf doğurur. Bununla belə, baş verən faciəni yalnız bədbəxt təsadüf kimi qiymətləndirmək düzgün olmaz. İlkin görünən hallardan aydın olur ki, burada binanın təhlükəsiz istismarı, texniki vəziyyəti və onun saxlanılması ilə bağlı ciddi hüquqi məsuliyyət məsələləri meydana çıxır”.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.1-ci maddəsinə əsasən, binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini bina sahibi ödəməlidir.

“Yalnız o halda məsuliyyətdən azadolma mümkündür ki, bina sahibi zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyini sübut etsin. Bu baxımdan, şadlıq evinin fasad hissəsinin qoparaq insanın ölümünə səbəb olması bina sahibinin mülki məsuliyyətini ciddi şəkildə gündəmə gətirir”.

Cinayət məsuliyyəti də yarana bilər

Cavadov bildirib ki, hadisədə insan ölümü baş verdiyindən məsələ yalnız mülki-hüquqi məsuliyyətlə məhdudlaşmır.

Onun sözlərinə görə, istintaq zamanı binanın texniki vəziyyəti, fasadın bərkidilməsi, əvvəlki qüsurların olub-olmaması, texniki baxış və təmir işlərinin aparılıb-aparılmaması, həmçinin məsul şəxslərin səhlənkarlığı olub-olmaması araşdırılmalıdır.

“Əgər müəyyən olunarsa ki, binanın istismarı və saxlanılması ilə bağlı təhlükəsizlik qaydaları pozulub, yaxud məsul şəxslər öz vəzifələrinə vicdanla yanaşmayıblar, o halda cinayət məsuliyyəti məsələsi də tam əsaslı şəkildə ortaya çıxır. İnsan həyatının itirilməsi ilə nəticələnən belə hallarda hüquqi qiymət formal deyil, real və prinsipial olmalıdır”.

“Kommersiya fəaliyyəti insan həyatından üstün tutula bilməz”

Vəkil qeyd edib ki, insanların kütləvi toplandığı obyektlər – xüsusilə şadlıq evləri və restoranlar – yüksək təhlükəsizlik standartlarına cavab verməlidir.

“Əks halda, belə obyektlər insanların həyat və sağlamlığı üçün birbaşa təhlükə mənbəyinə çevrilir. Baş vermiş hadisə bir daha göstərir ki, kommersiya fəaliyyəti insan həyatından üstün tutula bilməz”.

Onun sözlərinə görə, mərhumun ailəsinin bu hadisə ilə bağlı hüquqları mövcuddur və həmin hüquqlar qanunla qorunmalıdır.

“Təqsiri olan şəxslər müəyyən edilməli, onlar həm mülki, həm də zərurət olduqda cinayət-hüquqi qaydada məsuliyyətə cəlb edilməlidirlər”.

Vəkil əlavə edib ki, ölüm faktı olduğundan məsul şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və ya 222-ci (tikinti təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin olub-olmaması da istintaq qaydasında yoxlanılmalıdır.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
27
50
musavat.com

10Mənbələr