AZ

Akif Nəsirli: Büdcə gəlirlərinin artması sosial xərclərin, maaş və pensiyaların maliyyələşdirilməsi üçün daha geniş imkan yarada bilər

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranda baş verən hərbi gərginlik qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olur və bu, xüsusilə neft qiymətlərinin sürətlə artmasına təsir edir. Regionun strateji əhəmiyyəti, xüsusilə də Hörmüz boğazı üzərindən daşınmaların risk altına düşməsi dünya bazarında təkliflə bağlı narahatlıqları artırır. Son məlumatlara görə, “Brent” markalı neftin qiyməti təxminən 109–111 dollar aralığında dəyişir və bu artım məhz regiondakı eskalasiya ilə əlaqələndirilir . Nəticədə, İranda baş verən hərbi proseslər yalnız regional deyil, qlobal iqtisadi sabitlik və enerji təhlükəsizliyi üçün də ciddi risklər yaradır.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranda baş verən hərbi gərginlik ümumilikdə regionda riskləri artırdığı üçün dünya bazarında neftin qiymətinə yüksəldici təsir göstərir: “Yaxın Şərq qlobal neft təchizatının əsas mərkəzlərindən biri olduğuna görə burada müharibə ehtimalı belə qiymətlərin artmasına səbəb olur. Bu artım Azərbaycan neftinin də qiymətinə birbaşa müsbət təsir edir, çünki ölkə öz neftini beynəlxalq bazar qiymətləri ilə satır”.

İqtisadçı qeyd edib ki, neft qiymətlərinin yüksəlməsi qısa müddətdə Azərbaycanın dövlət büdcəsinə əlavə gəlirlər gətirir: “Büdcə gəlirlərinin artması sosial xərclərin, maaş və pensiyaların maliyyələşdirilməsi üçün daha geniş imkan yarada bilər. Eyni zamanda, Dövlət Neft Fonduna daxilolmalar artır və bu da ölkənin maliyyə ehtiyatlarını gücləndirir.

Digər tərəfdən, neftin bahalaşması müəyyən mənfi təsirlər də yarada bilər. İdxal olunan məhsulların qiyməti arta bilər və bu da daxili inflyasiyanı sürətləndirə bilər. Bundan əlavə, iqtisadiyyatın neft gəlirlərindən daha çox asılı hala düşməsi qeyri-neft sektorunun inkişafını zəiflədə bilər.

Neft qiymətlərinin artması Azərbaycan üçün qısamüddətli maliyyə baxımından müsbət olsa da, uzunmüddətli perspektivdə iqtisadi sabitlik üçün bu gəlirlərin düzgün idarə olunması və qeyri-neft sektorunun inkişafı vacib olaraq qalır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
50
bizimyol.info

10Mənbələr