Terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzalar müəyyənləşir.
Turkustan.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, Cinayət Məcəlləsinin 102, 214, 214-1, 214-3, 215, 219, 219-1, 219-2, 226, 227, 227-1, 270-1, 277, 278, 280 və 282-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədilə terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik etməyə görə 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Həmçinin terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak etməyə görə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.
Məcəllənin 214-4.2-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkar edilməsinə yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.