AZ

Alen Simonyan Moskvada qapı arxasında qaldı – "Hraparak"ın gizli hesabatı

Ermənistanın yüksək rütbəli məmurlarının Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə təmas qurmaq cəhdləri növbəti dəfə uğursuzluqla nəticələnib.

Musavat.com xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti öz etibarlı mənbələrinə istinadən Moskvanın İrəvan rəsmilərinə qarşı sərt "boykot" tətbiq etdiyini və diplomatik kanalları qapatdığını yazıb. Məlumata görə, fevral ayında Moskvaya səfəri zamanı Ermənistan parlamentinin spikeri Alen Simonyan Kiriyenko ilə görüşmək üçün rəsmi müraciət etsə də, ona qəti şəkildə "yox" cavabı verilib. Bunun ardınca Baş nazir Nikol Paşinyan hökumət aparatının rəhbəri Arayik Arutyunyanın Kiriyenko ilə görüşünü təşkil etməyə çalışsa da, Kreml bu təşəbbüsü də nəticəsiz qoyub.

Ekspertlər Sergey Kiriyenkonun Ermənistan rəhbərliyini qəbul etməməsini Moskvanın Paşinyan administrasiyasına olan dərin inamsızlığının və İrəvanın Qərblə yaxınlaşma siyasətinə verdiyi sərt reaksiyanın göstəricisi kimi qiymətləndirirlər.

Hazırda Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri "yumşaltmaq" üçün müxtəlif yollar axtarsa da, Moskvanın ən yüksək eşelonlarında onlara qarşı tətbiq edilən bu "soyuq müharibə" rejiminin davam edəcəyi proqnozlaşdırılır.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr