AZ

"Yeni savaş modeli formalaşır: qaydalar yenidən yazılır" – Qədir Aslan

"Onu demək lazımdır ki, yeni növ savaş aparılır. Tarix boyu savaşların növü dəyişdikcə, ordular və texnologiyalar inkişaf etdikcə yeni arxitektura formalaşıb, dövlətlərarası münasibətlər isə dərhal yenilənib. Bu, Çingizxan yürüşlərində də belə olub, Napoleon yürüşlərində də belə olub, 1-ci və 2-ci dünya müharibəsindən sonra da eyni tendensiya müşahidə edilib. Hər dəfə əsas dəyişdirici komponent texnologiya olub. Hazırda ABŞ-nin də yeni texnologiyalar, supersilahlar və əvvəlki razılaşmalara məhəl qoymayan bir savaş apardığını görürük. Əvvəllər yazılmamış belə bir qayda var idi ki, savaş zamanı rəhbər heyətə zərbələr endirilməməlidir.

Amma hazırda görürük ki, rəhbərlik hədəf alınır, bəzən oğurlanır, bəzən yerindəcə məhv edilir və proses birbaşa idarəetmə səviyyəsində həll olunur. Yəni məsələ sıravi əsgərlərə qədər uzanmadan artıq yuxarı mərhələdə həllini tapır. Bu isə dövlətlərin, xüsusilə regional güclərin öz təhlükəsizlik və milli təhlükəsizlik konsepsiyalarını, eləcə də hərbi doktrinalarını yenidən nəzərdən keçirməsini tələb edir. Həmçinin müdafiə icmallarının da yenilənməsi zərurətə çevrilir və mən bunu idarə olunan bir proses kimi qiymətləndirirəm. Çünki heç kimin tam gözləmədiyi bir şəkildə proseslər inkişaf edir və atılan addımlar hər gün, hər həftə yeni sürprizlər yaradır.

Bu mənada, nə ekspertlər, nə də dövlət başçıları tərəfindən tam proqnozlaşdırılan bir vəziyyət müşahidə olunmur. ABŞ masanı və oyun qaydalarını yenidən yazır.

Buna görə də təhlükəsizliklə bağlı infrastruktur da, ümumilikdə siyasi və hərbi sistemlər də dəyişəcək — yəni yeni arxitektura formalaşacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan deyib.

Qeyd edək ki, Tehranda yüksək səviyyəli rəsmiyə qarşı törədilən hücum və regionun digər qaynar nöqtələrində müşahidə olunan gərginliklər Cənubi Qafqaz və Yaxın Şərq xəttində təhlükəsizlik balansının getdikcə daha da həssaslaşdığını göstərir. Hadisələrin paralel şəkildə baş verməsi, aktorlar arasında rəqabətin dərinləşməsi və geosiyasi maraqların kəsişməsi regionu yeni risk mərhələsinə daşıyır. Mövcud proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və yaxın perspektivdə ortaya çıxacaq nəticələr həm regional güclərin siyasi və hərbi davranışından, həm də qlobal oyunçuların müdaxilə dərəcəsindən asılı olacaq. Bu kontekstdə baş verənlər yalnız lokal insident kimi deyil, daha geniş miqyaslı təhlükəsizlik arxitekturasının yenidən formalaşmasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Siyasi şərhçi qeyd edib ki, burada diqqət çəkən məqam ondan ibarətdir ki, diplomatiya əvvəlki dövrlərdə olduğu qədər həlledici rol oynamır.

Seçilən
24
aznews.az

1Mənbələr