AZ

Sosial mediada sağlamlıq illüziyası Kimə inanmalı?

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son illərdə sosial şəbəkələrdə “sağlam həyat”, “detoks”, “tez arıqlama” kimi başlıqlarla paylaşılan vloqların sayı sürətlə artır. Demək olar ki, hər kəs kamera qarşısına keçib öz “reseptini” təqdim edir: bir az limon, bir az zəncəfil, üzərinə müxtəlif qarışıqlar və nəticə olaraq “möcüzəvi dəyişiklik”. Amma əsas sual budur ki, bu məsləhətləri verənlər kimlərdir?

Ən böyük problem ondan ibarətdir ki, bu videoların əksəriyyətini heç bir tibbi təhsili olmayan şəxslər hazırlayır. Onlar öz şəxsi təcrübələrini ümumiləşdirərək geniş auditoriyaya təqdim edir və bunu bəzən elə bir əminliklə edirlər ki, izləyici bunu elmi fakt kimi qəbul edir. Halbuki insan orqanizmi standart deyil və bir nəfərə faydalı olan digərinə ciddi zərər verə bilər.

Xüsusilə “orqan təmizləmə”, “qaraciyər detoksu”, “3 günə arıqlama” kimi iddialar elmi əsasdan çox uzaqdır. Müasir tibb göstərir ki, sağlam orqanizm artıq “özünü təmizləmə” mexanizminə malikdir və əlavə müdaxilələr bəzən əks təsir yaradır. Məsələn, bəzi qarışıqlar mədə-bağırsaq sisteminə zərər verə, allergik reaksiyalara səbəb ola və ya mövcud xəstəlikləri daha da ağırlaşdıra bilər.

Digər təhlükəli məqam isə insanların bu cür məsləhətlərə həddindən artıq güvənərək həkimə müraciəti gecikdirməsidir. Nəticədə sadə müalicə ilə həll oluna biləcək problemlər daha ciddi mərhələyə keçə bilir.

Bəs çıxış yolu nədir?

İlk növbədə, informasiya mənbəyinə tənqidi yanaşmaq vacibdir. Sosial mediada izləyici sayı və ya “bəyənmə” statistikası heç də məlumatın doğruluğunu təsdiqləmir. Sağlamlıqla bağlı qərarlar qəbul edərkən yalnız ixtisaslı həkimlərin məsləhətlərinə əsaslanmaq lazımdır. Eyni zamanda, media savadlılığının artırılması da cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Unutmaq olmaz ki, sağlamlıq eksperiment deyil. Sosial şəbəkədə trend olan hər qarışım, hər “resept” sizin üçün uyğun və təhlükəsiz olmaya bilər. Bəzən ən doğru addım sadəcə bir mütəxəssisə müraciət etməkdir. Sağlam qalmaq üçün düzgün məlumat qədər, düzgün mənbə də vacibdir.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
bizimyol.info

1Mənbələr