Tehran müharibənin kapitulyasiyaya qədər davam edəcəyini bildirir...
Poliqon xəbər verir ki, İranın “Həzrət Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının nümayəndəsi ABŞ və İsrailə qarşı sərt bəyanatla çıxış edərək müharibənin onların “tam məğlubiyyəti, peşmanlığı və kapitulyasiyası” ilə nəticələnənədək davam edəcəyini bildirib. Tasnim Agentliyinin yaydığı məlumata görə, İran tərəfi öz hərbi potensialının əhəmiyyətli hissəsinin hələ də gizli və toxunulmaz olduğunu vurğulayıb.
Açıqlamada qeyd olunur ki, İranın raket imkanları düşmənə məlum olmayan məkanlarda yerləşdirilib və ABŞ ilə İsrailin həyata keçirdiyi zərbələr yalnız ikinci dərəcəli hədəflərə təsir göstərir. Bildirilib ki, qarşı tərəfin İranın hərbi gücü və texnologiyaları barədə məlumatı tam deyil və real imkanları əks etdirmir.
İran rəsmisi əlavə edib ki, strateji raket istehsalı, uzaqmənzilli pilotsuz uçuş aparatları, dəqiq yönləndirmə sistemləri, müasir hava hücumundan müdafiə və radioelektron mübarizə infrastrukturu təhlükəsiz və gizli obyektlərdə yerləşir. Onun sözlərinə görə, hücuma məruz qalan obyektlər əsas istehsal mərkəzləri deyil və ölkənin əsas hərbi sənaye potensialı qorunub saxlanılır.
Bəyanatda vurğulanıb ki, İranın strateji hərbi istehsal obyektlərinin yerləşdiyi məkanlar düşmən üçün məlum deyil və bu obyektlərə çatmaq mümkün olmayacaq. Rəsmi Tehran belə hesab edir ki, mövcud qarşıdurma uzunmüddətli xarakter daşıyacaq və qarşı tərəf üçün ciddi nəticələr doğuracaq.
Ekspertlər qeyd edirlər ki, bu cür sərt ritorika regionda gərginliyin daha da artmasına səbəb ola bilər və tərəflər arasında qarşıdurmanın dərinləşməsi riskini yüksəldir. Eyni zamanda, bu bəyanatlar informasiya və psixoloji müharibənin bir hissəsi kimi də qiymətləndirilir.
Poliqon.info