AZ

Trampın Ukrayna geriçəkilməsi: ABŞ-nin strateji intiharı?

“ABŞ Prezidenti Donald Trampın Ukraynaya dəstəkdən geri çəkilməsi Vaşinqtonun strateji məğlubiyyətidir.”

Bu fikirləri NOCOMMENT.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinin Vaşinqtonun müharibəsi olmadığını bildirərək, Co Bayden administrasiyasının Kiyevə 350 milyard dollar həcmində vəsait ayırdığını vurğulayıb:

“Ümumilikdə, Tramp uzun müddətdir Ukrayna məsələsində ABŞ-nin birbaşa tərəf kimi iştirakını tənqid edir və bunu daha çox əvvəlki administrasiyanın siyasətinin nəticəsi kimi təqdim edir. Qeyd edim ki, Ukraynada baş verən Maydan hadisələri ölkədaxili siyasi və sosial narazılıqlar fonunda ortaya çıxsa da, Qərbin – xüsusilə ABŞ-nin – bu proseslərə siyasi və diplomatik dəstəyi ilə qalib gəlib. Ukraynanın Qərbə inteqrasiyası və NATO ilə yaxınlaşması Vaşinqtonun uzunmüddətli strateji maraqları olub”.

Məhəmməd Əsəullazadə

Ekspert qeyd edib ki, Rusiya Ukraynaya qarşı başladığı müharibəni öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab kimi əsaslandırır və bunu dolayısı ilə Qərb, xüsusilə də ABŞ ilə geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə etmək olar:

“Moskvanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq, NATO-nun genişlənməsinin qarşısını almaq və qlobal güc balansında fövqəldövlət statusu əldə etməkdən ibarətdir. Hazırda Rusiya öz prinsipial planından geri çəkilməyib. Rusiya çalışır ki, Tramp administrasiyası ilə əməkdaşlıq müstəvisində Ukraynada müəyyən taktiki uğurlar əldə edərək, bunları sonrakı proseslərdə strateji qələbəyə çevirsin”.

M. Əsədullazadə vurğulayıb ki, ABŞ-nin hərbi və maliyyə dəstəyi bu müharibədə mühüm rol oynasa da, Vaşinqtonun prosesdən tam geri çəkilməsi Rusiyanın avtomatik qələbəsi demək deyil:

“Böyük Britaniya, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirmək potensialına malikdir. Eyni zamanda, Ukraynanın müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə güclənib. Bununla yanaşı, ABŞ-nin Ukrayna məsələsində geri çəkilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vura və Avropa müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Vaşinqtonun Ukraynaya dəstəyi davam etdirməsi strateji baxımdan vacib olaraq qalır. Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran ətrafında formalaşan gərginlik isə Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir”.

Tunar
NOCOMMENT.az

Seçilən
27
6
nocomment.az

10Mənbələr