AZ

Psixoloqdan valideynlərə çağırış: Uşaqları idarə etməyin, yönləndirin

Azxeber.com portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Valideynlərin uşaqların həyatına həddindən artıq müdaxiləsi cəmiyyətdə geniş müzakirə olunan məsələlərdən biridir. İxtisas seçimindən tutmuş dost çevrəsinə, geyim tərzinə və gündəlik qidalanmaya qədər bir çox sahədə valideyn nəzarətinin sərhədləri tez-tez mübahisə doğurur. 

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov AZXEBER.COM-a bildirib ki, valideynlərin uşaqlar üzərində hegemon davranış göstərməsi psixoloji amillərlə bağlıdır:

"Valideynlərin uşaqlar üzərində həddindən artıq nəzarət və ya hegemon davranış göstərməsi psixoloji, sosial və mədəni amillərlə bağlıdır. Bu məsələni yalnız "nəzarət etmək istəyirlər” kimi  izahla məhdudlaşdırmaq düzgün olmaz, çünki burada valideynin daxili narahatlıqları, tərbiyə modeli və cəmiyyətin təsiri ciddi rol oynayır. Öncə onu qeyd edim ki, bir çox valideyn üçün övlad onun həyatının davamı kimi qəbul olunur. Bu yanaşmada valideyn öz reallaşmayan arzularını, uğursuzluqlarını və ya gözləntilərini uşağın üzərinə proyeksiya edir. Nəticədə uşağın ixtisas seçimi, dost çevrəsi və hətta gündəlik davranışları belə valideynin "doğru hesab etdiyi həyat ssenarisi” ilə uyğunlaşdırılmağa çalışılır. Bu isə uşağın fərdi identiklik formalaşdırma prosesinə müdaxilə deməkdir”.

Psixoloq vurğulayıb ki, burada digər faktor qorxu məsələsidir:

"Digər mühüm faktor qorxu və təhlükəsizlik ehtiyacıdır. Valideynlər çox zaman dünyanı riskli və təhlükəli bir yer kimi qavrayır və övladlarını bu risklərdən qorumaq üçün nəzarəti artırırlar. Onlar düşünür ki, nə qədər çox müdaxilə etsələr, uşaq bir o qədər az səhv edəcək. Halbuki psixoloji inkişaf baxımından səhv etmək, təcrübə qazanmaq və nəticə çıxarmaq uşağın şəxsiyyət kimi formalaşmasının əsas mexanizmlərindəndir. Sosial və mədəni kontekst də burada böyük rol oynayır. Bizim kimi cəmiyyətlərdə ailə dəyərləri fərdi azadlıqdan daha üstün tutulur. "Valideyn daha yaxşı bilir” düşüncəsi nəsildən-nəslə ötürülür və bu, valideynin qərarverici mövqeyini gücləndirir. Bu yanaşma bəzən uşağın seçim haqqını məhdudlaşdıraraq onun daxili motivasiyasını zəiflədir.

Psixoloji aspektdən baxdıqda, həddindən artıq nəzarət edən valideynlərin bir qismində özünə güvən problemi, narahatlıq pozuntuları və ya kontrol ehtiyacı yüksək olur. Bu valideynlər qeyri-müəyyənliyə dözə bilmir və uşağın həyatını idarə etməklə öz daxili gərginliklərini azaltmağa çalışırlar. Bu isə münasibətdə balansı pozur”.

O söyləyib ki, belə mühitdə böyüyən uşaqlarda iki əsas davranış modeli formalaşa bilər:

"Bəziləri tam asılı, qərar verməkdə çətinlik çəkən və özünə güvəni aşağı olan fərdlərə çevrilir. Digərləri isə əksinə, sərt reaksiya verərək valideyndən emosional uzaqlaşır və ya gizli davranışlara meyllənir. Hər iki halda sağlam psixoloji inkişaf zədələnir. Sağlam valideyn-övlad münasibəti nəzarət və azadlıq arasında balans üzərində qurulmalıdır. Valideyn istiqamət göstərən, dəstək olan və sərhədləri izah edən tərəf olmalıdır, amma uşağın yerinə qərar verən deyil. Uşağa seçim etmə imkanı vermək, onun fikrini dinləmək və məsuliyyət hissini inkişaf etdirmək uzunmüddətli perspektivdə daha güclü və müstəqil şəxsiyyət formalaşdırır. Valideynin məqsədi uşağı idarə etmək deyil, onu həyata hazırlamaq olmalıdır. Həyata hazır olmaq isə yalnız nəzarət altında deyil, təcrübə və azad seçimlər vasitəsilə mümkün olur”.

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
azxeber.com

1Mənbələr