AZ

“Aprel döyüşləri Azərbaycanın hərb tarixinin qızıl səhifəsidir” Deputat

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Aprel döyüşləri Azərbaycanın hərb tarixinin qızıl səhifəsidir. Çünki Azərbaycan son 200 ildə torpaqlarını itirib və döyüş meydanında məğlubiyyətə uğrayıb. Aprel döyüşləri isə bu sindromu qırdı”. 

Bu barədə 525.az-a  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.

Deputat bildirib ki, bu döyüşlər Azərbaycanın heç də 90-cı illərin əvvəlindəki olmadığını və ordumuzun yeni bir müstəvidə inkişaf etydiyini sübuta yetirdi. 

“Aprel döyüşləri xalqımızın siyasi baxışları, etnik və dini mənsubiyyətindən asıllı olmayaraq hamının bir yumruq kimi birləşərək Ali Baş Komandanın əmrinə hazır olduğunu təsdiq etdi. Uzun illər Ermənistan öz ordusu ətrafında məğlubedilməz ordu mifini yaratmışdı. Amma Azərbaycan ordusu bu mifi darmadağın etdi və 4 gün davam edən müharibədə düşməni ağ bayraq qaldırmağına, atəşkəs üçün yalvarmağına məcbur etdi. Qısa dövrü əhatə edən bu döyüşlərdə  Ermənistan 300 -dən çox canlı qüvvə, 30-dan çox tank və 25-dən çox artilleriya qurğusunu itirdi. Azərbaycan Ordusu isə 2 min hektardan çox ərazini işğaldan azad edərək Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyinə bayraq sancmaqla Cocuq Mərcanlıda təhlükəsizliyi təmin etdi. Həm də Tərtər rayonun strateji yüksəkliklərini nəzarətə almaqla Naftalana qədər olan böyük bir ərazidə təhlükəsizliyi təmin etmiş oldu”. 

Deputat hesab edir ki, Aprel döyüşləri həm də ordumuzun gücünün bir testi idi: “Yəni bu döyüşlər ordumuzun gücünün qismən nümayişi oldu. Bu, həm də düşmənə və onun arxasında dayananlara bir mesaj idi. Azərbaycan Aprel döyüşləri ilə Azərbaycan -Ermənistan münaqişəsinin dondurulmuş münaqişə olmadığını sübut edərək, o zamankı status- kvonu dəyişərək  Ermənistanı yenidən danışıqlar masasına qaytardı”.  

A.Badamov əlavə edib ki, Aprel döyüşləri Böyük Qayıdışın başlanğıcı oldu: “Belə ki, Böyük Qayıdışın ilk ünvanı Cocuq Mərcanlı oldu. Biz bununla Ermənistana digər torpaqlarımızı da döyüş meydanında  işğaldan azad edərək qayıdacağımız mesajını vermiş olduq. Həm də Aprel döyüşlərindən iki il sonra Naxçıvanda keçirlmiş Günnüt əməliyyatı ilə Əlahiddə Ordumuz qısa bir zaman kəsiyində 11 min hektar ərazini nəzarət altına aldı. Sonra isə 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri keçirməklə bütün ərazilərimizdə suverenliyimizi təmin etməyimizə və Böyük Qayıdışa dair dövlət proqramını  bütün azad olunmuş ərazilərdə uğurla davam etdirməyimizə yol açdı. Bu gün Azərbaycan xalqı qalib xalq olaraq başı dik, qürurla gəzir və keçmiş məcburi köçkünlər üçün layiqli həyat şəraiti yaradaraq öz doğma yurdlarına qaytarır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları özünün inkişaf dövrünü yaşayır. Bəli, bu döyüşlər zamanı hərbiçilərimizi və mülki insanlarımızı itirdik. Vətən uğrunda həlak olan hər bir şəxs şəhidlik zirvəsinə yüksəlib. Allah şəhidlərimizə rəhmət, qazilərimiz can sağlığı versin. Yaşasın suveren Azərbaycan Respublikası, yaşasın Ali Baş Komandan, Prezident İlham Əliyev! Qarabağ əbədi olaraq Azərbaycandır!” 

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
525.az

1Mənbələr