AZ

Paşinyanın “iki stul” oyunu Kremldə ifşa oldu – Putin ona Qarabağ dərsi keçdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfəri və Kremlin divarları arasında baş verənlər həm siyasi üslub, həm də geosiyasi reallıq baxımından diqqət çəkən məqamlarla yadda qalıb.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu səfər zamanı kifayət qədər cəsarətli və bəzən diplomatik etikadan kənar sayılan açıqlamalar verib.

O, açıq şəkildə bildirib ki, Ermənistan həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi ilə paralel əməkdaşlıq etməyə, yəni iki cəbhədə oynamağa davam edəcək.

Lakin Rusiya Prezidenti Vladimir Putin bu mövqeyə kifayət qədər sərt və prinsipial reaksiya verib. O, açıq şəkildə bildirib ki, Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyinin gömrük sistemləri bir-biri ilə uyğun deyil və eyni anda hər iki ittifaqda olmaq iqtisadi baxımdan mümkün deyil. Putin bu məsələnin siyasi deyil, sırf iqtisadi məsələ olduğunu vurğulayaraq, Paşinyana dolayısı ilə seçim etməli olacağını xatırlatdı.

Danışıqlar zamanı ən diqqət çəkən məqamlardan biri isə Qarabağ mövzusu olub. Putin xatırladıb ki, KTMT-nin Qarabağ münaqişəsinə müdaxilə etməməsi məsələnin Azərbaycanın daxili işi kimi qiymətləndirilməsi ilə bağlı idi. Bu isə Qarabağ hadisələrindən sonra onsuz da daxildə ciddi təzyiqlərlə üzləşən Paşinyan üçün olduqca həssas və “ağrılı” mesaj idi. Siyasi müşahidəçilər bunu Putinin “siyasi cüdo” gedişi kimi qiymətləndirirlər – yəni rəqibi öz arqumentləri və zəif nöqtələri üzərindən zərərsizləşdirmək.

Görüşün sonuna doğru Paşinyan mövzunu dəyişərək Ermənistanda demokratiya, sosial media azadlığı və siyasi sistem barədə danışmağa başlayıb. O, hətta zarafatla bildiribki, Ermənistanda sosial şəbəkələr tam azaddır və bəzi vətəndaşlar bunun həddindən artıq olduğunu düşünür. Lakin bu açıqlamalar Moskvanın siyasi atmosferində bir qədər yersiz və qeyri-ciddi təsir bağışlayıb. Çünki Kremlin prioritetləri demokratiya ritorikasından daha çox təhlükəsizlik, geosiyasət və təsir dairələridir.

Moskvaya səfər fonunda Paşinyanın öz ölkəsində də vəziyyəti asan deyil.

Ermənistan cəmiyyətində Qarabağ məsələsindən sonra ona qarşı narazılıq hələ də qalmaqdadır. Hətta səfər zamanı bəzi ermənilərin onu “xain” adlandırması Paşinyanın daxilindəki siyasi böhranın hələ bitmədiyini göstərir.

Bütün bu proseslər fonunda əsas sual açıq qalır: Paşinyan Qərbə doğru getdikcə Rusiyanı itirəcək, yoxsa yenidən Moskvanın orbitinə qayıtmağa məcbur olacaq? Hazırkı geosiyasi reallıq göstərir ki, Ermənistanın iqtisadiyyatı, təhlükəsizlik sistemi və energetikası hələ də böyük ölçüdə Rusiyadan asılıdır. Bu isə o deməkdir ki, Paşinyanın “iki stulda oturmaq” siyasəti getdikcə daha çətin və riskli olacaq.

Görünən odur ki, Kremlin mesajı açıqdır: ya Qərb, ya Rusiya. Paşinyan isə hələlik bu seçimdən qaçmağa çalışır.

Lakin böyük siyasətdə bəzən seçim etməmək də əslində seçim etmək deməkdir. Bu oyunda isə kimin qalib gələcəyini zaman və Ermənistanın edəcəyi real seçimlər göstərəcək.

Sara
NOCOMMENT.az

Seçilən
51
33
nocomment.az

10Mənbələr