Aprel döyüşləri təkcə lokal hərbi əməliyyat deyil, həm də Azərbaycanın gələcək strateji uğurlarını müəyyənləşdirən mühüm mərhələ oldu"
Azərbaycanın hərb tarixinə “Aprel döyüşləri” kimi daxil olmuş beşgünlük hərbi əməliyyatlardan, artıq 10 il ötür. Bu gün həmin döyüşlər ölkəmizin Şanlı Qələbəsinə aparan yolun ən mühüm və taleyüklü mərhələlərindən biri kimi qiymətləndirilir və geniş şəkildə araşdırılır. Bəs Aprel döyüşləri Azərbaycan cəmiyyətinə və qarşı tərəfə nələri sübut etdi?
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzu Nağıyevdir.
– On il əvvələ qayıdaq və bir daha yada salaq: Aprel döyüşləri hansı səbəblərdən baş vermişdi?
– 2016-cı ilin aprelində baş verən döyüşlər həm hərbi, həm də siyasi baxımdan münaqişənin gedişində mühüm dönüş nöqtəsi oldu. Məlumdur ki, tarixə “Aprel döyüşləri” və ya “dördgünlük müharibə” kimi daxil olan bu hadisələr 1–5 aprel tarixlərini əhatə edir.
Aprel döyüşlərinin başvermə səbəbi Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara Azərbaycan Silahlı Qüvvələrinin cavab olaraq əks-hücum əməliyyatına başlaması ilə əlaqədar idi. Qısa müddət ərzində Azərbaycan Ordusu bir sıra strateji əhəmiyyətli yüksəklikləri və mövqeləri azad edərək, ciddi hərbi uğurlar qazandı. Bu uğurlar Ordunun döyüş qabiliyyətini və əməliyyat üstünlüyünü açıq şəkildə nümayiş etdirdi.
Nəticə etibarilə, 5 aprel 2016-cı il tarixində tərəflər arasında atəşkəs haqqında razılaşma əldə olundu. Buna baxmayaraq, Aprel döyüşləri regionda mövcud hərbi-siyasi vəziyyətə ciddi təsir göstərdi və münaqişənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas mərhələlərdən biri kimi qiymətləndirildi.
Beləliklə, Aprel döyüşləri Azərbaycan üçün yalnız hərbi uğur deyil, eyni zamanda, siyasi baxımdan mühüm mesaj xarakteri daşıyan hadisə kimi tarixdə öz yerini tutmuşdur.
Aprel döyüşlərinin baş verməsi təsadüfi deyildi. Uzun illər ərzində davam edən və nəticəsiz qalan danışıqlar prosesi, Ermənistanın mövcud status-kvonu qorumaq cəhdləri, cəbhə xəttində mütəmadi təxribatlar və beynəlxalq vasitəçilərin passiv mövqeyi bu gərginliyin əsas səbəblərini təşkil edirdi. Xüsusilə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların real nəticə verməməsi, eləcə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qətnamələrin icrasız qalması münaqişənin uzanmasına və regionda qeyri-sabitliyin davam etməsinə gətirib çıxarmışdı. Bu şəraitdə Azərbaycan üçün mövcud vəziyyətin davam etməsi qəbuledilməz idi və hərbi-siyasi reallıqların dəyişdirilməsi zərurətə çevrilmişdi.
– Aprel döyüşləri Dağlıq Qarabağ münaqişəsinin gedişatına necə təsir göstərdi?
– Aprel döyüşləri, ilk növbədə, Azərbaycan Ordusunun son illərdə keçdiyi inkişaf yolunu və əldə etdiyi hərbi gücü açıq şəkildə nümayiş etdirdi. Ordunun modernləşdirilməsi, yeni texnika və texnologiyaların tətbiqi, peşəkar kadr hazırlığı və idarəetmədə aparılan islahatlar bu qısa müddətli döyüşlərdə öz real nəticəsini göstərdi. Döyüşlər zamanı əldə olunan uğurlar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı, xalq–ordu birliyini daha da möhkəmləndirdi və Qarabağ uğrunda mübarizənin həm hərbi, həm də psixoloji baxımdan mümkünlüyünü bir daha sübut etdi.
Eyni zamanda, Aprel döyüşləri ermənilərin illərlə formalaşdırdığı bir sıra mifləri darmadağın etdi. “Dondurulmuş münaqişə” anlayışının reallıqdan uzaq olduğu üzə çıxdı, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılmış təsəvvürlər iflasa uğradı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar Ermənistanın münaqişə xəttinin zəif tərəflərini üzə çıxardı. Bundan sonra Ermənistan hərbi qüvvələrində, hərbi rəhbərlikdə istefalar, intiharlar baş verdi.
Danışıqlarda Azərbaycanın mövqeyi gücləndi. Bu isə təkcə cəbhə xəttində deyil, həm də Ermənistan cəmiyyətində və onun hərbi-siyasi rəhbərliyində ciddi psixoloji sarsıntılara səbəb oldu.
– Aprel döyüşlərində Azərbaycan Ordusunun əldə etdiyi əsas strateji uğurlar hansılar idi?
– Hərbi baxımdan əldə olunan uğurlar arasında, xüsusilə strateji yüksəkliklərin, o cümlədən Lələtəpə istiqamətində mövqelərin azad edilməsi mühüm əhəmiyyət daşıyırdı. Bu yüksəkliklərə nəzarətin təmin edilməsi Azərbaycan Ordusuna geniş müşahidə imkanları verdi, düşmənin hərəkətlərini izləmək və operativ qərarlar qəbul etmək baxımından üstünlük yaratdı. Eyni zamanda, bu mövqelər gələcək əməliyyatlar üçün əlverişli logistika və taktiki baza rolunu oynadı və 2020-ci ildə baş verən Vətən müharibəsində qazanılan qələbənin ilkin təməl elementlərindən birinə çevrildi.
Aprel döyüşləri, həm də münaqişənin xarakterini dəyişdi. Əvvəllər nisbətən passiv fazada olan qarşıdurma daha aktiv və dinamik mərhələyə keçdi.
– Aprel döyüşləri beynəlxalq ictimaiyyət tərəfindən necə qarşılandı?
– Aprel döyüşlərindən sonra Azərbaycanın danışıqlar prosesində mövqeyi əhəmiyyətli dərəcədə gücləndi, beynəlxalq ictimaiyyət isə regionda mövcud vəziyyətin davamlı olmadığını daha aydın şəkildə anlamağa başladı. Bununla belə, beynəlxalq qurumların reaksiyası, əsasən, tərəfləri atəşkəsə çağırmaqla məhdudlaşdı və konkret addımların atılmaması bir daha göstərdi ki, mövcud yanaşma daha çox status-kvonun qorunmasına xidmət edir.
– Bu hadisələr zamanı hansı qəhrəmanlıq nümunələri xüsusilə yadda qaldı?
– Döyüşlər zamanı Azərbaycan hərbçiləri böyük qəhrəmanlıq və şücaət nümayiş etdirdilər. Xüsusilə xüsusi təyinatlı qüvvələrin, eləcə də digər hərbi birləşmələrin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində mühüm mövqelər ələ keçirildi. Əsgər və zabitlərin sonadək döyüşməsi, mövqelərini tərk etməməsi, verilən tapşırıqları qətiyyətlə yerinə yetirməsi Azərbaycan Ordusunun döyüş ruhunun və vətənpərvərlik hissinin bariz nümunəsinə çevrildi. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraq qalır.
Əldə olunan əsas strateji uğurlar sırasında Lələtəpə yüksəkliyinin azad edilməsi, minlərlə hektar ərazidə üstünlüyün təmin olunması və Talış istiqamətində mühüm yüksəkliklərin nəzarətə götürülməsi xüsusi yer tutur. Bu yüksəkliklər böyük strateji əhəmiyyətə malik idi; onlar gələcək hərbi əməliyyatlar üçün həm logistik, həm də taktiki üstünlüklər yaradır, eyni zamanda, müşahidə və nəzarət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirirdi. Məhz bu üstünlüklər sonrakı dövrdə, xüsusilə 2020-ci il müharibəsində mühüm rol oynayan amillərdən biri kimi qiymətləndirilir.
Aprel döyüşləri, həm də qəhrəmanlıq salnaməsi kimi yadda qaldı. Bu döyüşlərdə şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi daim ehtiramla yad olunur, yaralı hərbçilərimizin isə göstərdiyi şücaət xalqımız tərəfindən yüksək qiymətləndirilir.
– Bu döyüşlər sonrakı hərbi və siyasi proseslərə, o cümlədən İkinci Qarabağ müharibəsinə necə zəmin yaratdı?
– Aprel döyüşləri 44 günlük muharibənin bir məşqi kimi də qiymətləndirilir. Aprel döyüşləri II Qarabağ müharibəsinə çox ciddi hərbi psixoloji baza yaratdı.
– Aprel döyüşlərinin ildönümü Azərbaycanda necə qeyd olunur və gənc nəslə hansı mesajları verir?
– Aprel döyüşlərinin necə baş verməsi, əhəmiyyəti hər il dönə-dönə araşdırılır, şəhidlərimiz anılır, abidələri ziyarət olunur, məktəblərddə, digər yerlərdə tədbirlər keçirilir. Aprel döyüşləri ilə bəyan olundu ki, Ali Baş Komandan başda olmaqla, Azərbaycan Ordusu tam qələbə qazanmaq üçün əlindən gələni edir və edəcəkdir.
Nəticə etibarilə, Aprel döyüşləri təkcə lokal hərbi əməliyyat deyil, həm də Azərbaycanın gələcək strateji uğurlarını müəyyənləşdirən mühüm mərhələ oldu. Bu döyüşlər 2020-ci ildə baş vermiş Vətən müharibəsinə gedən yolun başlanğıcı kimi qiymətləndirilə bilər. Həmin hadisələr Azərbaycan dövlətinin siyasi iradəsini, ordunun gücünü və xalqın birliyini nümayiş etdirərək, tarixi qələbənin əsasını qoydu. Əsas məqam ondan ibarətdir ki, tarixi torpaqlarımızın azadlığı uğrunda mübarizə davam etdi və bunun nəticəsini 44 günlük müharibədə və lokal antiterror əməliyyatları zamanı da gördük, hiss etdik.