AZ

XTQ mənsubu: Aprel döyüşlərində həm döyüşdük, həm də kəşfiyyat apardıq

Bakı, 4 aprel, AZƏRTAC

Aprel döyüşləri başlayanda çətinlik çəkmədik. Xüsusi Təyinatlı Qüvvələr (XTQ) mənsubu olaraq buna hazır idik. Psixoloji, fiziki və hərbi cəhətdən müxtəlif ərazilərdə təlimlər keçirdik. Praktiki olaraq hamımız bu döyüşü gözləyirdik. Bizə qismət olacağını bilmirdik, lakin döyüşün nə zamansa başlayacağını bilirdik. O torpaqlar Ermənistan silahlı qüvvələri tərəfindən güc yolu ilə işğal olunmuşdu. Sülh yolu ilə qayıtmayacağını bir ordu, XTQ mənsubu olaraq hiss edirdik, daim buna hazırlaşırdıq. Ona görə də heç bir çətinliyimiz olmadı, yalnız qürur hissi yaşadıq.

Bunu AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, XTQ-nin ehtiyatda olan polkovnik-leytenantı Nizami Əliyev deyib.

Azərbaycan Ordusunun ehtiyatda olan zabiti o günləri belə xatırlayıb: “Bölmə komandiri olaraq yuxarı komandanlıqdan əmr aldım. Mənim əmrimə üç xüsusi əməliyyat qrupu verildi. Bunlardan birinin qrup komandiri Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Gündüz Səfərli, digər qrupların komandirləri isə şəhid kapitan Elçin İsmayılov və digər zabitlərdən biri idi. Bizim tapşırığımız kəşfiyyat tapşırığı idi, eyni zamanda, veriləcək əmr əsasında öndə olan qüvvələrimizlə birləşmək və onlara kömək etmək idi. Biz Talış kəndi istiqamətində birləşməli və o kəndi saxlamalı idik. Bizim öndə olan qüvvələrimizin köməyə ehtiyacı var idi. Döyüşün ikinci günü, yəni aprelin 2-si gecə boyunca əmrimdə olan üç qrup bizim qüvvələri keçəndən sonra düşmən qüvvələri arasından sızaraq Talış kəndi istiqamətindən hərəkət etdi. Artıq Talış kəndi ətrafında bütün yüksəkliklər bizim bölmələr tərəfindən alınmışdı. Biz həmin kəndə nəzarət edirdik. Bizim qruplar həmin kənddə olan qüvvələri, başqa bir istiqamətdən oraya gələn ağır zirehli texnikalarını, ehtiyat qüvvələrini müşahidə altına aldı. Həmin gecə boyunca Talış kəndi ətrafındakı hakim yüksəkliklərdə postlar qurduq, müşahidə və kəşfiyyat qrupları çıxardıq. Onlar səhərə qədər orada olan zirehli texnikaları müşahidə etdilər. Tapşırığımız düşmənin tərkibini, sayını, qüvvəsini aşkarlamaq, daha sonra yuxarı komandanlığın əmri əsasında başqa bir istiqamətdən təkrar arxa bölgəyə sızaraq kəşfiyyatdan əldə edilən məlumatları yuxarı komandanlığa çatdırmaq idi. İlk tapşırığımızı uğurla yerinə yetirdik. Talış kəndi ətrafındakı yüksəkliyi azad etdikdən və onu qüvvələrimizə təhvil verdikdən sonra atəşkəs oldu. Daha sonra həmin üç qrup atəşkəsdən sonra yaralılarımızın, şəhidlərimizin axtarış-xilasetmə və təxliyəsində iştirak etdi”.

Ehtiyatda olan zabitin sözlərinə görə, Aprel döyüşlərinin İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərdə rolu böyük olub ki, bunun da bir neçə səbəbi var: “1990-cı illərdə atəşkəs bağlananda demək olar ki, ön xətt boyu hakim ərazilər ermənilərdə qalmışdı. Onlar bizim birinci növbədə arxa bölgəmizi, fəaliyyətlərimizi, qoşunlarımızı, əlaqə yollarımızı, qüvvələrimizin tərkibini və s. müşahidə edə bilirdilər. Çünki onlar bizə nisbətən daha əlverişli ərazidə idilər. Biz Aprel döyüşlərində ön xətt boyu Füzuli istiqamətindən Goranboy istiqamətinə qədər bir neçə addım irəli hərəkət etdik və həmin yüksəklikləri ələ keçirdik. Bununla da, düşməni demək olar ki, “kor” etdik. Əgər Aprel döyüşlərinə qədər ermənilər rahatlıqla bizi müşahidə edə bilirdilərsə, kritik əraziləri ələ keçirəndən sonra artıq həmin fəaliyyətləri icra edə bilmirdilər. Ən böyük müsbət cəhətlərindən biri o idi ki, ondan sonra biz gizli şəkildə bütün fəaliyyətləri, hazırlıqları icra edə bilirdik. Ən böyük işi biz o zaman gördük. İkincisi hərbidə belə bir anlayış var: döyüşlə kəşfiyyat. Yəni sən düşmənin imkan qabiliyyətini döyüşlə kəşfiyyat aparırsan. Qısa bir döyüş aparırsan, o döyüş nəticəsində düşmənin və özünün zəif və güclü tərəflərini öyrənirsən. Biz bir növ Aprel döyüşlərində bunu icra etdik. Həm döyüşdük, həm də kəşfiyyat apardıq, ermənilərin 25 il ərzində ön xətt boyu qurduğu müdafiənin güclü, zəif tərəflərini və istiqamətlərini müşahidə etdik, mövcud nöqsanlarımızı gördük, analiz etdik və 2020-ci ilə qədər onların aradan qaldırılmasında böyük işlər gördük. Ona görə də Aprel döyüşləri bizim üçün çox əhəmiyyətli oldu. Elə düşüncə yaranmışdı ki, orada uzun illər ərzində güclü müdafiə sistemi qurulub. Ermənilər bəlkə də fikirləşirdilər ki, onu biz yara bilmərik. Biz onlara göstərdik ki, onu yarmaq bizim üçün birgünlük işdir. Bununla da, ermənilərin özünə olan inamını qırdıq. Öz qoşunlarımızda, əsgərlərimizdə, xalqımızda orduya, Silahlı Qüvvələrə böyük inam, düşməndə isə qorxu yarandı. Bu, ən böyük nailiyyətdir. Dördgünlük müharibədən sonra onlarda artıq qorxu yarandığına görə bizi ciddiyə almağa başladılar. Bizimlə güc yolu ilə danışa bilməyəcəklərini gördülər. Aprel döyüşləri zamanı lokal deyil, müştərək döyüş aparıldı. O müddətdə Hərbi Hava Qüvvələri, Quru Qoşunları, artilleriya bölmələri, Hava Hücumundan Müdafiə Qoşunları, həmçinin həkimlər iştirak etdilər. Dördgünlük döyüşə həm güc strukturları, həm də bütün dövlət orqanları müştərək qatıldığı üçün bu, böyük bir təcrübə oldu. Bu qədər qüvvəni bir yerdə və düzgün idarə etmək böyük nailiyyət idi. Əlbəttə ki, həmin nailiyyətə birinci növbədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında nail olduq. Dövlətimizin başçısının uzaqgörən siyasəti və ordu quruculuğu istiqamətində görülən işlər bəhrəsini verdi. Vahid komandanlıq çərçivəsində bütün bu fəaliyyətləri icra etdik. Ona görə bir təcrübə qazandıq. Vətən müharibəsində Aprel döyüşlərinin davamını gördük. Hər kəs bir nəfər kimi Prezident İlham Əliyevin ətrafında toplaşdı, ordu Ali Baş Komandanın rəhbərliyi altında vahid komandanlıq prinsiplərinə əməl edərək eyni işi həyata keçirdi. Ona görə hesab edirəm ki, Aprel döyüşləri Vətən müharibəsinin düzgün və möhkəm qoyulmuş təməl daşıdır”.

 

Seçilən
28
50
azertag.az

10Mənbələr