AZ

Qırğızıstan TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir 

Bakıda qarşıda duran mühüm məsələlərin müzakirəsi üçün çox əlverişli şərait yaradılıb. İnanırıq ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın sədrliyi əməkdaşlığımıza yeni təkan verəcək və əvvəllər əldə olunan razılaşmalar ardıcıl şəkildə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşündə Qırğızıstan Nazirlər Kabinetinin sədri Adilbek Kasımalıyev deyib.

O qeyd edib ki, Qırğızıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi əhəmiyyət verir. “Bu kontekstdə hökumətlərarası dialoqun təşkilatın fəaliyyətinə əlavə təkan verəcəyinə inanırıq. Ötən il Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının ilk görüşünün Qırğızıstanın sədrliyi dövrünün yekun və eyni zamanda, tarixi əhəmiyyətli hadisəsi olduğunu xüsusi vurğulamaq istərdim. Sədrliyimiz dövründə 170-dən çox tədbir keçirilib, 10 yeni əməkdaşlıq platforması istifadəyə verilib. Kənd təsərrüfatı, rəqəmsallaşma, nəqliyyat, turizm və digər istiqamətlər üzrə konkret təşəbbüslər irəli sürülüb”,- deyə Adilbek Kasımalıyev vurğulayıb.

O, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşünün dünyada geosiyasi və iqtisadi qeyri-sabitliyin artdığı bir şəraitdə keçirildiyinə diqqət çəkib: “Mövcud regional və qlobal çağırışlar bizdən yalnız həmrəylik deyil, eyni zamanda, regional sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün konkret və uzlaşdırılmış addımlar tələb edir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı yalnız əməkdaşlıq platforması deyil, həm də kollektiv sabitliyin aləti və qabaqlayıcı mexanizm olmalıdır. Son sammitlərin təhlili göstərir ki, təşkilat artıq mədəni əməkdaşlıq çərçivəsindən çıxaraq Avrasiya məkanında yeni güc mərkəzinə çevrilir”.

Seçilən
18
2
azerbaijan-news.az

3Mənbələr