AZ

Qazaxıstan və “Lukoil” Xəzərdəki layihələr üçün maliyyə çıxış yolları axtarır » AzadMedia.az


Qazaxıstanın milli şirkəti “KazMunayGaz” və Rusiyanın neft nəhəngi “Lukoil” Xəzər dənizindəki layihələrin maliyyələşdirilməsi üçün, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları nəzərə alaraq, kompromis variantlar axtarır.
“KazMunayGaz”ın İdarə Heyətinin sədri Asxat Hasenov bildirib ki, tərəflər Xəzər dənizində yerləşən “Kalamkas-more” və “Xəzər” yataqlarının işlənməsi üzrə əməkdaşlığı davam etdirmək niyyətindədir. Lakin ABŞ-ın rus tərəfdaşa qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən hazırda işlər dayandırılıb.
Onun sözlərinə görə, layihələndirmə işləri artıq “Lukoil” ilə birlikdə tamamlanıb, lakin mövcud məhdudiyyətlər maliyyə cəlbi məsələsini çətinləşdirib:
“Hazırda əsas məsələ maliyyələşdirmənin təmin olunmasıdır. Bu səbəbdən müxtəlif variantlar axtarırıq. Banklarla danışıqlar aparacağıq və çıxış yolları tapmağa çalışacağıq.”
Bununla yanaşı, Qazaxıstan bu layihələr üçün başqa tərəfdaşlar axtarmağı planlaşdırmır və tərəflər bütün sanksiya tələblərinə tam əməl etməklə qarşılıqlı məqbul həll yolları üzərində işləyirlər.
Qazaxıstan şirkəti layihənin tezliklə reallaşdırılmasında maraqlıdır. Çünki bu təşəbbüs yalnız iqtisadi deyil, həm də sosial əhəmiyyət daşıyır. Yalnız ilk yataqda neft ehtiyatları təxminən 50–284 milyon ton həcmində qiymətləndirilir və pik dövrdə ildə 4 milyon ton neft hasilatı planlaşdırılır.
Bununla belə, sanksiyalar səbəbindən alternativ variantlar da istisna edilmir. “KazMunayGaz”ın sədr müavini Kurmanqazı İskaziyev bildirib ki, şirkət hələlik yeni tərəfdaşlarla danışıqlara başlamasa da, belə ehtimalları nəzərdən keçirir.
Xatırladaq ki, “Lukoil” və “KazMunayGaz” layihədə bərabərhüquqlu tərəfdaşlardır və pay bölgüsü 50/50 nisbətindədir.
Bundan əvvəl Qazaxıstanın Energetika Nazirliyi ABŞ-dan “Lukoil”un ölkədəki neft-qaz layihələrindəki payını geri almaq üçün icazə istəyib. Nazirlik bunu Qazaxıstanın qanunvericilik çərçivəsində həmin payı almaq hüququ ilə əsaslandırıb. Müvafiq müraciət ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsinə göndərilib.
Seçilən
15
1
azadmedia.az

2Mənbələr