AZ

Bakıda 10 il sonra yayılan görüntü narahatlıq yaratdı FOTO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Bakıda yağan güclü və ardıcıl yağışlardan sonra əsas müzakirə mövzularından biri Masazır gölü ətrafındakı ərazilər olub. Sosial şəbəkələrdə yayılan peyk görüntüləri isə 10 il ərzində gölün ətrafında aparılan tikintiləri bir daha gündəmə gətirib. Bir vaxtlar su hövzəsi olan bəzi sahələrin zamanla qurudularaq yaşayış məntəqəsinə çevrildiyi iddia olunur. Oxşar vəziyyətin Binəqədi rayonunda da baş verdiyi bildirilir. Belə ki, həmin ərazidə də qurunt sularının yığıldığı gölməçələrin qurudularaq yerində evlər tikildiyi qeyd olunur.

Gölün və ya su hövzəsinin yerində ev tikmək nə qədər təhlükəsizdir? Belə ərazilərdə gələcəkdə su basma və torpaq çökməsi riski yarana bilərmi?

Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, bu məsələ əsasən insan amili ilə bağlıdır:

“Vətəndaşlar ev və ya torpaq alarkən onun yerləşdiyi coğrafi relyefi nəzərə almalıdır. Məsələn, Masazır ərazisində vaxtilə göl olub və sonradan qurudulub. Lakin göl qurudulsa da, həmin ərazinin təbii çökəkliyi aradan qalxmayıb və əvvəlki kimi qalır. Bu tip sahələrdə tikinti aparılması potensial risk daşıyır. Çünki belə ərazilər tektonik proseslər nəticəsində formalaşmış çökəkliklərdir və təbii olaraq suyun toplanmasına meyillidir. Ona görə də həmin ərazilərdə yerləşən tikililər güclü yağıntılar, sel və digər təbii hadisələr zamanı daha çox təhlükəli olur. Təbiət bu kimi hallarda heç bir sığorta təmin etmir”.

İlqar Hüseynli

Ekspert bildirib ki, belə su hövzələrinin qurudularaq müvafiq qurumların razılığı əsasında satışa çıxarılması və tikinti üçün istifadəsi qanunvericilik baxımından da ciddi suallar doğurur:

“İstər Masazır, istərsə də digər oxşar ərazilərdə bu cür hallara əvvəlcədən yol verilməməli idi. Bütün hallarda bu zonalar daimi riskli ərazilər kimi qalır. Mövcud problemlərin azaldılması üçün isə həmin ərazilərdə mütləq şəkildə müasir drenaj sistemləri, kanalizasiya xətləri və yağış sularının effektiv ötürülməsini təmin edən infrastrukturlar qurulmalıdır”.

Qeyd edək ki, vaxtilə təbii drenaj funksiyasını yerinə yetirən Masazır gölü qurudularaq onun ərazisində yaşayış evləri tikilib. Bu göl yağış və yeraltı suların toplanıb təhlükəsiz şəkildə axıdılmasında mühüm rol oynayırdı. Gölün “yox”a çıxması ilə suyun təbii axın istiqaməti pozulub. Nəticədə güclü yağışlar zamanı su əvvəlki yatağına, yəni gölün yerləşdiyi əraziyə yönəlir.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
globalinfo.az

2Mənbələr