AZ

Taleh Əliyev: "Rusiyanın Xəzər planları real gücdən çox siyasi blefdir" – ÖZƏL

İsrailin İranın Bəndər Ənzəli limanına endirdiyi zərbələr Xəzər dənizindəki hərbi-siyasi balansı sarsıdıb. Peyk görüntüləri liman infrastrukturuna, təmir zavoduna və hərbi gəmilərə ciddi zərər dəydiyini təsdiqləyir. Hücum Rusiya və İran arasındakı əsas hərbi təchizat marşrutunu sıradan çıxarıb. Limanın vurulması Xəzər üzərindən keçən qlobal nəqliyyat layihələrini və ABŞ-nin regiondakı planlarını qeyri-müəyyən müddətə dondurub. Mariya Zaxarova baş verənləri "Xəzəryanı ölkələri münaqişəyə çəkmək cəhdi" adlandırıb. Kreml mediası isə 2018-ci il Aktau Konvensiyasına istinad edərək, Rusiyanı Xəzər üzərində tam hərbi nəzarəti (AWACS və donanma vasitəsilə) ələ keçirməyə çağırır.

Maraqlıdır, Rusiya Xəzərdə tam nəzarət istəyir? Bu mümkün ola bilərmi? Xəzəryanı ölkələrin buna reaksiyası necə olacaq? 

"ABŞ-İsrail-İran münaqişəsi fonunda görünür ki, İsrail tərəfi İranın demək olar bütün mümkün strateji nöqtələrini hədəfə alır. Bu hədəflər sırasında İranın Xəzər dənizi sahilində yerləşən liman şəhərləri və liman infrastrukturu da xüsusi yer tutur. Bu obyektlərin vurulmasını Xəzər regionunu birbaşa münaqişə zonasına çevirmək cəhdi kimi deyil, daha çox Xəzər üzərindən, xüsusilə Rusiyadan İrana hərbi təyinatlı yüklərin daşınmasının qarşısını almağa yönəlmiş əməliyyatlar kimi qiymətləndirmək daha doğru olar".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib: "Mövcud situasiyadan Rusiyanın öz xeyrinə istifadə etməsi ehtimalına gəldikdə isə, belə bəyanatların səsləndirilməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, Xəzər dənizi keçmiş SSRİ-nin dağılmasından sonra və Aktau Konvensiyasına əsasən sahilyanı beş suveren dövlət arasında bölüşdürülüb. Bu gün Rusiyanın Xəzərdə real hərbi təhdid olmadığı halda hər hansı bəhanə ilə bu hövzəyə tam nəzarəti ələ keçirməsi yalnız Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın və İranın suveren hüquqlarının pozulması deyil, həm də onların iqtisadi maraqlarına ciddi zərbə olardı. Xüsusilə qeyd etmək lazımdır ki, Xəzər dənizinin karbohidrogen ehtiyatları Azərbaycan, Qazaxıstan və Türkmənistan iqtisadiyyatında mühüm rol oynayır. Bu resursların hər hansı şəkildə başqa bir dövlət tərəfindən nəzarətə götürülməsi həmin ölkələr üçün qəbuledilməzdir. Buna görə də bu suveren dövlətlər belə bir ssenarini nəinki müsbət qarşılamaz, əksinə, öz hüquqlarını qorumaq üçün bütün imkanlardan istifadə edərək ciddi müqavimət göstərərlər. Eyni zamanda, bu ölkələrin xarici tərəfdaşları - iqtisadi və siyasi müttəfiqləri də belə bir addım atılacağı təqdirdə Rusiyaya qarşı kəskin mövqe nümayiş etdirəcəklər".

Ekspert qeyd edib ki, Rusiya belə bir avantüraya cəhd edə bilər. Lakin Ukrayna müharibəsindən sonra onun həm siyasi, həm iqtisadi, həm də hərbi imkanları əvvəlki səviyyədə deyil. Bu baxımdan səsləndirilən bu cür bəyanatların arxasında real və davamlı siyasi iradənin dayanıb-dayanmadığı sual altındadır. Bu tip açıqlamalar daha çox siyasi blef, təzyiq vasitəsi və region ölkələrinin reaksiyasını yoxlamağa hesablanmış addım kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr