“Barselona” gələn mövsüm üçün hücum xəttini gücləndirmək planlarını davam etdirir.
Msport.az xəbər verir ki, Kataloniya təmsilçisinin hədəfində bu dəfə “Benfika”nın gənc ulduzu Andreas Şkellerupdur.
Klubun idman direktoru Deku 21 yaşlı norveçli futbolçunu sol cinah hücumunu gücləndirmək üçün ən uyğun namizədlərdən biri hesab edir.
Şkellerupun Portuqaliya təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olsa da, onun nümayiş etdirdiyi performans “Barsa”nın diqqətini çəkib. Hazırda transfer dəyəri 20 milyon avro qiymətləndirilən vinger bu mövsüm bütün turnirlərdə yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. “Barsa” bu keçidi reallaşdıra bilsə, Səudiyyə Ərəbistanından Rafinya üçün gələn təklifləri dəyərləndirəcək.
Andreas Şkellerup özü də mətbuata verdiyi açıqlamada bu maraqdan xəbərsiz olduğunu, lakin “Barselona” kimi bir klubda oynamaq ehtimalının möhtəşəm səsləndiyini gizlətməyib. Lakin “Benfika”nın gənc istedadı asanlıqla buraxmaq niyyətində olmadığı və onun sərbəstqalma məbləğinin 100 milyon avro olduğu bildirilir.