AZ

Baş həkim: Klinika rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək VİDEO

Bakı, 1 aprel, AZƏRTAC

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası yüksəkixtisaslı tibbi xidmətə əlçatanlığın təmin olunmasına, əlillik hallarının və funksional itkilərin azalmasına, pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşmasına xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir: “Bura rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidisiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri əsas prioritet olacaq. Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üzgərmə kimi estetik əməliyyatlar icra olunacaq. Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksəkixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcəklər. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək".

Dilqəm Məmmədovun sözlərinə görə, müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir. Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Bildirək ki, ölkəmizdə yaxın günlərdə Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası fəaliyyətə başlayacaq.

Müxbir - Günel Türksoy
Fotoqraf - Azər İbrahimov
Videoperator - Şövqi Əzizov
Seçilən
8
1
azertag.az

10Mənbələr