Bakı, 1 aprel, AZƏRTAC
Dünyanın bir çox ölkələri ali təhsilə xüsusi diqqət yetirir. Yeni ali təhsil müəssisələrinin açılması, tələbə sayının standartlara uyğunluğu bəzi ölkələrdə prioritet halına çevrilib. Beynəlxalq təcrübə onu göstərir ki, ölkədə tələbə sayının azlığı arzu olunmadığı kimi çoxluğu da müəyyən problemlər yaşadır. Bir sıra ölkələrdə tələbə sayının çoxluğu zamanla bəzi problemlər formalaşdırdığı üçün bu sayın azalmasına təşəbbüs göstəriblər. Hazırda dünya təcrübəsində ölkə əhalisinin sayına əsasən ali təhsilə münasibət tənzimlənir. Beynəlxalq təcrübədə ali təhsil alan tələbə sayı ölkə əhalisinin təxminən 4-5 faiz aralığında tövsiyə olunur. Bir çox Avropa ölkələrində bu saya xüsusilə diqqət yetirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Ramin Nurəliyev deyib. O bildirib ki, İngiltərədə 4.5 faiz, Almaniya, Fransa və İspaniyada 4 faiz, Finlandiya, Norveç, Niderland, Latviya kimi ölkələrdə ali təhsilli tələbə sayı 5 faizdən çoxdur: “Standartdan aşağı göstəricilər də mümkündür. Məsələn, Bolqarıstan və Rumıniya kimi ölkələrdə 3 faizdən aşağı göstərici qeydə alınıb. Hətta bu göstərici bəzi ölkələrdə çox yüksəkdir. ABŞ da 6 faiz, Türkiyədə 9 faizdir.
Əslində bu göstəricinin normadan çox olması tövsiyə edilmir. Normadan çox ali təhsilə istiqamətlənmə digər sahələrə marağı azalda bilər və əmək bazarında işsizlik sayının çoxluğu müşahidə oluna bilər. Bununla yanaşı, ölkədə ali təhsilə istiqamətlənmə faizinin çoxluğu peşə, hərbi, tibb bacısı və incəsənət sahəsində ciddi çətinliklər formalaşdıra bilər. Çünki potensiallı gənclərin ali təhsilə istiqamətlənməsi həmin sahələri daha zəif gənclərin seçməsi ilə nəticələnir, bu da müvafiq istiqamətdə müəyyən boşluqlar formalaşdıra bilər. 2010-cu illərdə Rusiyada tələbə sayı 9-10 faiz ətrafında idi. Bu çoxluğun mənfi təsirləri müşahidə olunduğu üçün sayın azalmasına qərar verildi və hazırda 4.5 faiz ətrafındadır. Hazırda Türkiyədə tələbə sayının 9 faiz ətrafında olması dövlət tərəfindən həyəcan siqnalı kimi qiymətləndirilir. Yaxın günlərdə Türkiyə Ali Təhsil Şurası tərəfindən bu sayın azalması istiqamətində görüşlər keçirildi”.
Ekspert hazırda Azərbaycanda ali təhsil alan tələbə sayının (bakalavr, magistrant, doktorant) təqribən 238 min ətrafında olduğunu qeyd edib: “Ümumillikdə 2.4 faiz göstərici ilə ortalamanın aşağısında görünürük. Göstəricinin aşağı olması da bir neçə problem formalaşdıra bilər. Məsələn, müəyyən ixtisaslar üzrə kadr çatışmazlığı formalaşa bilər ki, bu da bəzi sahələrdə əmək bazarına ciddi təsir göstərər. Ona görə də hər il dövlət tərəfindən plan yerləri mütəmadi artırılır. Plan yerlərini artırmaqla ümumi ortalamanın beynəlxalq standarta uyğunluğu tənzimlənməyə çalışılır. 2025-2026-cı tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyəsi üzrə plan yerləri təxmini 81 min ətrafında idi. Növbəti illərdə universitetlərdə plan yerlərinin çoxalması dövlətin xüsusi maraq dairəsindədir”.