AZ

Ekspert: Neftin qiyməti Azərbaycanın gəlirlərinin və strateji ehtiyatlarının artmasına şərait yaradır

Bakı, 3 aprel, AZƏRTAC

Son günlər neft bazarında müşahidə olunan qiymət artımı qlobal geosiyasi proseslər fonunda risklərin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Hörmüz boğazında baş verən gərginlik neftin ixracında müəyyən çətinliklər yaradaraq qiymətlərin bahalaşmasını şərtləndirib. Hadisələrə qədər “Brent” markalı neftin qiyməti 65–70 dollar aralığında dəyişirdi və beynəlxalq analitik qurumların əksəriyyəti qısa müddətdə qiymətlərin, hətta 60 dollara düşə biləcəyini proqnozlaşdırırdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib.

Onun sözlərinə görə, regionda baş verən gözlənilməz proseslər bazar tendensiyasını tam dəyişdi.

“Gərginliyin davam etməsi ilə bağlı açıqlamalar və Hörmüz boğazında daşınma risklərinin artması neftin qiymətinə əlavə təzyiq yaradaraq artım dinamikasını gücləndirdi. Bu müddətdə ölkələrin ehtiyatlardan satış və hasilatı artırmaqla qiymətləri stabilləşdirmək cəhdləri də gözlənilən nəticəni vermədi. Bunun əsas səbəbi həmin marşrut üzrə ixrac həcmlərinin çox yüksək olmasıdır. “Bloomberg”in son araşdırmaları göstərir ki, sanksiyalara baxmayaraq son bir ayda Rusiyanın neft ixracı artıb və qiymətlər yüksəlib. Lakin bu da ümumi bazar stabilliyinə müsbət təsir göstərməyib. Hazırkı vəziyyət onu deməyə əsas verir ki, qlobal proseslər qısa müddətdə tam olaraq neytrallaşmayacağı təqdirdə neft qiymətlərinin yüksək səviyyədə qalması davam edəcək. Hətta müharibənin başa çatması və boğazın tam açılması halında belə, qiymətlərin yaxın zamanda əvvəlki 60–70 dollar intervalına qayıtması real görünmür”, - deyə Cəfər İbrahimli qeyd edib.

Ekspert qiymət artımının Azərbaycan iqtisadiyyatına təsirlərinə də toxunub: “Mövcud qiymət artımı Azərbaycanın neft ixracından əldə etdiyi gəlirlərin və strateji ehtiyatların artmasına şərait yaradır ki, bu da iqtisadiyyat üçün müsbət amildir. Bununla yanaşı, proseslərin uzunmüddətli davamı idxal məhsullarının bahalaşması və idxal inflyasiyası riskləri yarada bilər. Lakin Mərkəzi Bankın son açıqlamalarında qeyd olunduğu kimi, hazırda inflyasiyanın sürətli artımı ilə bağlı ciddi təhlükə müşahidə edilmir və uçot dərəcəsi dəyişdirilməyib. Ümumilikdə qiymət artımının Azərbaycanın makroiqtisadi göstəricilərinə təsirinin daha çox müsbət olacağı gözlənilir”.

Müxbir-Nailə Həsənova

Seçilən
48
30
azertag.az

10Mənbələr