AZ

Türkiyə 24 ildən sonra DÇ-də! - 53-cü dəqiqə yenə komandaya uğur gətirdi

Dünən DÇ-2026-nın həlledici pley-off oyunları keçirildi. Türk dünyasının əsas diqqəti Priştinaya yönəlmişdi. Mundialdan cəmi bir qələbə uzaqlıqda olan Türkiyə Kosovonun qonağı oldu. Seçmə mərhələnin əsas sürprizlərindən olan Kosovo bu dəfə də yaxşı təsir bağışlamaqla son uğurlarının təsadüfi olmadığını göstərdi. Hətta ilk yarıda bir epizodda ''ay-ulduzlular''ı tir xilas etdi. Rumıniya ilə qarşılaşmada olduğu kimi həlledici qol yenə ikinci hissənin əvvəllərində vuruldu. Həmin matçda 53-cü dəqiqədə Fərdi Kadıoğlu fərqlənmişdisə, bu dəfə 53-cü dəqiqədə Kərəm Aktürkoğlu fərqləndi! O, Orkun Kökçünün zərbəsindən sonra azacıq topa toxunaraq onu boş qapıya yönləndirdi. Kosovo qalan vaxtı hücumda keçirərək Türkiyənin üzərində ciddi təzyiq qursa da, Uğurcan Çakırı məyus edə bilmədi. Final fitindən sonra Türkiyə cəbhəsində hər kəs meydana axışdı və komanda böyük sevinc yaşadı. Sonuncu dəfə DÇ-2002-də iştirak edən Türkiyə 24 illik həsrətə son qoydu. 2002-dən sonra Fatih Terim və Şenol Günəş başda olmaqla bir çox tanınmış məşqçinin bacarmadığını Vinçentso Montella bacardı. İtaliyalı mütəxəssis belə bir tarixi oyunda başqa bir göstəricidə də adını tarixə yazdırdı. O, Türkiyə yığmasının başında ən çox (31) oyuna çıxan əcnəbi məşqçiyə çevrildi. ''Ay-ulduzlular'' bu mütəxəssisin dönəmindəki matçlardan 18 qələbə, 5 heç-heçə, 8 məğlubiyyətlə ayrılıblar. Türkiyə tarixində 3-cü dəfə DÇ-yə vəsiqə qazandı. Maraqlıdı ki, bunlardan 2-si italiyalı məşqçilərin dönəminə təsadüf edib. Komanda DÇ-1954-ə Sandro Pupponun, DÇ-2002-yə isə Şenol Günəşin başçılığı altında yollanmışdı. Hər iki pley-off matçını qazanan Türkiyə FİFA-nın reytinqində 3 pillə birdən irəliləyərək 22-ci pilləyə yüksəldi. Bu, komandanın 2017-nin mayından bu yana ən yüksək göstəricisidi! Onu da bildirək ki, Türkiyə DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə birlikdə D qrupunda yer alacaq. Türklər iyunun 14-də Avstraliya, iyunun 20-də Paraqvay və iyunun 26-da ABŞ ilə qarşılaşacaq.

Seçilən
35
44
football-plus.az

10Mənbələr