İranın siyasi kuluarlarında 1979-cu il inqilabından sonra formalaşmış dövlət modelini kökündən sarsıdan böyük transformasiya prosesi başlayıb. Ölkədə klassik teokratik idarəçilik sistemi sürətlə süqut edir, onu isə “İslam İnqilabı Keşikçiləri Korpusu”nun (SEPAH) mütləq hakimiyyətinə əsaslanan hərbi diktatura əvəzləyir. Tehrandakı mənbələr və müxalif dairələr bildirir ki, onilliklər boyu rejimin ideoloji dayağı olan din xadimləri artıq proseslərdən tamamilə kənarlaşdırılıblar.
NOCOMMENT.az xəbər verir ki, idarəedici elitada baş verən bu tarixi qırılma nəticəsində nüfuzlu ruhanilər SEPAH-dan məsafə saxladıqlarını bəyan ediblər. Onların qənaətinə görə, İslam Respublikasının təməl prinsipləri dağıdılıb və din xadimlərinin rolu yalnız hərbi generalların qərarlarını rəsmiləşdirməkdən ibarət qalıb. Korpus hazırda ölkənin həm siyasi strateji planlamasını, həm də iqtisadiyyatın əsas gəlir sahələrini tam nəzarətə götürərək mülki və dini institutları milli gəlirdən məhrum edib.
Xüsusi narahatlıq doğuran məqam isə SEPAH-ın İranın yeni “ali rəhbəri” hesab olunan Müctəba Xamenei üzərindəki total nəzarətidir. Hətta Müctəbanın hazırkı vəziyyəti və fiziki varlığı barədə yaranan qeyri-müəyyənlik korpusun artıq heç bir dini və ya sülalə legitimliyinə ehtiyac duymadığını göstərir. Ekspertlərin fikrincə, bu metamorfoza rəsmi Tehranın beynəlxalq arenada daha təcavüzkar və proqnozlaşdırıla bilməyən modelə keçidi deməkdir. Beləliklə, son 45 ilin İranı tarixə qovuşur, yerini isə yalnız hərbi aparatın sağ qalma məntiqinə xidmət edən milis dövləti tutur.
Əli Səfərli,
NOCOMMENT.az