AZ

Qısa videolar, uzunmüddətli narahatlıqlar: Yeni dövrün psixoloji reallığı

Psixoloq: Qısa və sürətli videoların fasiləsiz izlənilməsi insan psixikasında tələskənlik və daxili narahatlıq hissini gücləndirir

Müasir dövrdə rəqəmsal texnologiyalar təkcə informasiya əldə etmə üsullarını deyil, insanların düşüncə tərzini, davranış modelini və gündəlik həyat ritmini də əsaslı şəkildə dəyişib. İnternetin sürətlənməsi və sosial şəbəkələrin geniş yayılması nəticəsində informasiya istehlakı artıq keyfiyyətdən çox sürət üzərində qurulur. Xüsusilə son illərdə qısa videoların populyarlaşması bu prosesi daha da dərinləşdirərək insanların diqqət mexanizmini, emosional reaksiyalarını və psixoloji dayanıqlığını yeni bir mərhələyə keçirib. Bir neçə saniyə ərzində təqdim olunan, tez dəyişən və fasiləsiz davam edən vizual axın beyni daim stimullaşdırır, onu sürətli qərarvermə və ani reaksiyalar rejiminə uyğunlaşdırır.

Bu tendensiya ilk baxışda müasir həyatın təbii tələbi kimi qəbul edilsə də, onun yaratdığı psixoloji nəticələr getdikcə daha aydın şəkildə üzə çıxır. Artıq insanlar uzunmüddətli diqqət tələb edən fəaliyyətlərdə çətinlik çəkir, daha sakit və stabil mühitlərdə belə daxili narahatlıq hissi keçirirlər. Gündəlik həyatın müxtəlif anlarında müşahidə olunan tələskənlik, səbəbsiz gərginlik və fokuslanma problemləri məhz bu sürətli informasiya axınının formalaşdırdığı yeni davranış vərdişləri ilə əlaqələndirilir. Ən diqqət çəkən məqamlardan biri isə odur ki, bu təsirlər yalnız aktiv istifadə zamanı deyil, istirahət və yuxu saatlarında da özünü göstərir, insanın ümumi psixoloji balansını pozur.

Digər tərəfdən, rəqəmsal mühitdə davamlı olaraq dəyişən kontentə məruz qalmaq beynin məlumatı emal etmə və yadda saxlaması prosesinə də təsirsiz ötüşmür. İnformasiyanın sürətli qəbul edilib eyni sürətlə unudulması, fikirlərin ardıcıllığının pozulması, hətta ünsiyyət zamanı diqqətin tez dağılması kimi hallar artıq daha geniş yayılıb. Bu isə təkcə fərdi psixoloji vəziyyətə deyil, sosial münasibətlərə və ümumi həyat keyfiyyətinə də təsir edən amilə çevrilir.

Diqqətin səssiz transformasiyası

Məhz belə bir şəraitdə mütəxəssislərin bu prosesə yanaşması və onun səbəb-nəticə əlaqələrinin izahı xüsusi əhəmiyyət kəsb edir. Psixoloq Aytən Ələkbərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında qısa videoların insan psixikasına təsirlərini təhlil edərək, bu istiqamətdə yaranan risklər və çıxış yolları barədə fikirlərini bölüşdü. Bildirdi ki, son dövrlərdə "TikTok", "İnstagram" kimi platformalarda 15–30 saniyəlik qısa videoların sürətlə izlənilməsi və istifadəçilərin davamlı şəkildə kontenti "scroll" etməsi adi davranışa çevrilib: "Bu proses tədricən psixoloji vəziyyətə ciddi təsir göstərir. Artıq müşahidə olunur ki, insanlar yalnız sosial şəbəkələrdə deyil, hətta film və serial izləyərkən belə səhnələrin bir qədər uzun çəkməsinə dözümsüzlük göstərir, daxili narahatlıq və tələskənlik hissi yaşayırlar. Bu hal təsadüfi deyil və psixikanın sürətli informasiya axınına uyğunlaşmasının nəticəsidir.

Son vaxtlar müraciət edən şəxslər arasında belə hallar daha çox müşahidə olunur. Onlar bildirirlər ki, səbəbini tam anlamasalar da, daim tələsdiklərini, sanki harasa gecikdiklərini hiss edirlər. Aparılan söhbətlər və həyat tərzinin təhlili göstərir ki, bu vəziyyətin əsas səbəblərindən biri gecə saatlarında fasiləsiz şəkildə qısa videolara baxılmasıdır. İnsan yorğun halda yatağa uzansa belə, ardıcıl və sürətli kontentə baxmağa davam edir və nəticədə həm fiziki, həm də psixoloji gərginlik artır. Bu zaman təzyiqin qalxması, ürəkbulanma, ürək döyüntülərinin sürətlənməsi kimi simptomlar da ortaya çıxır və təşviş hissi güclənir".

Sürətli informasiya, zəif fokus

Psixoloq qeyd etdi ki, belə bir vəziyyətdə insan artıq özündə qeyri-müəyyən bir narahatlıq hiss etdiyini açıq şəkildə anlayır: "Bu qeyri-müəyyənlik və davamlı gərginlik isə ümumi psixoloji vəziyyətə mənfi təsir göstərir. Təsadüfi deyil ki, müasir dövrdə insanların əhəmiyyətli bir hissəsi müxtəlif sakitləşdirici və ya antidepresant vasitələrə müraciət edir. Lakin problemin kökü çox vaxt həyat tərzində, xüsusilə də rəqəmsal davranış vərdişlərində gizlənir.

Qısa və sürətli vizual axın beynin işləmə tempini dəyişir, diqqət və yaddaş proseslərinə mənfi təsir göstərir. Nəticədə insanlarda unutqanlıq artır, fikri bir mövzuda saxlamaq çətinləşir, hətta bəzən danışıq zamanı fikir ardıcıllığı pozulur. Elə hallar olur ki, insan cümləni tamamlamadan başqa bir mövzuya keçir. Bu isə beynin artıq sürətli informasiya rejiminə uyğunlaşmasının göstəricisidir. Bəzi hallarda bu sürət hətta nitqdə qüsurların yaranmasına, kəkələməyə qədər gətirib çıxara bilir".

A. Ələkbərovanın sözlərinə görə, bütün bunları nəzərə alaraq, insanların ilk növbədə öz sağlamlıqlarına diqqət yetirməsi vacibdir. Çünki psixoloji və fiziki sağlamlıq pozulduqdan sonra digər sahələrdə uğur əldə etmək çətinləşir. Ona görə də hər kəs öz davranışlarını analiz etməli, bu tip vərdişlərin təsirini dərk etməli və zərərli təsirlərin qarşısını almağa çalışmalıdır. Rəqəmsal mühitdən düzgün və balanslı istifadə etmək, xüsusilə yatmazdan əvvəl sürətli kontentdən uzaq durmaq bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Nigar Orucova, "İki sahil"

Seçilən
24
ikisahil.az

1Mənbələr