AZ

Qərbi Azərbaycan Xronikası: Bozyoxuş, Boz Kaha, Bozkosa - Türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Bozyoxuş necə Musaelyan oldu?" adlı süjet hazırlanıb.
 
Moderator.az xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Bozyoxuş, Boz Kaha, Bozkosa toponimi və oronimi haqqında söz açılır.
 
Bildirilir ki, azərbaycanlıların tarixi-etnik torpaqlarından didərgin salınması nəticəsində həmin ərazilərə ermənilərin köçürülərək məskunlaşdırılması danılmaz faktdır: "Məhz bu süni yerləşmədən sonra hayların saxtalaşdırma əməliyyatlarına başlaması indiki Ermənistanın və havadarlarının tarix boyu siyasi mənafeləri ilə bağlı olub".
 
Bozyoxuş - Ağbaba mahalının Qızılqoç, sonralar Qukasyan adlandırılan rayonda kənd, aşırım və dağ adıdır. Kəndin adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olan kəndin adı 1946-cı ildə dəyişdirilib Musaelyan qoyulub.
 
Boz Kaha - Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Rayondakı Qarnidzor kəndindən 3 kilometr şimal-şərqdə yerləşib və xarabalığa çevrilib.
 
Bozkosa - Qırxbulaq mahalının Ellər, sonralar Kotayk və Abovyan adlandırılan rayonda kənd olub. Kənddə 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunub və kənd xarabalığa çevrilib.
 
Sonda vurğulanır ki, oğuz yurdlarına yerləşdirilən gəlmə ermənilər Qərbi Azərbaycan ərazilərini hərtərəfli zəbt etməklə yanaşı, həm coğrafi, həm də siyasi saxtakarlıq üzrə məşhurluq qazanıblar: "Özlərini dünyaya məsum göstərən ermənilərin bu cür bəd əməllərinin qurbanı isə daim Qərbi azərbaycanlılar olublar. Lakin bütün çətinliklərə baxmayaraq, oğuz türkləri bu sınaqdan da uğurla çıxıb, doğma yurd yerlərinə yenidən qayıdacaqlar".
 
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

 

 
 
Seçilən
11
3
moderator.az

4Mənbələr