AZ

İsveçdə bərabərsizliyin artması uşaqların sağlamlığını təhdid edir

Stokholm, 1 aprel, AZƏRTAC

İsveçdə əhalinin sağlamlığında ümumi yaxşılaşma müşahidə olunur: İnsanlar daha uzun ömür sürür və öz səhhətlərini yüksək qiymətləndirirlər.

AZƏRTAC xəbər verir ki, İctimai Səhiyyə Agentliyinin son hesabatına görə, sakinlərin təxminən 70 faizi səhhətini yaxşı hesab edir. Lakin fərdlər və qruplar arasında əhəmiyyətli fərqlər qalır. Məsələn, 30 yaşlı qadınların orta ömür uzunluğu 85,7 il, kişilər isə 82,9 il təşkil edir ki, bu da 2012-ci illə müqayisədə artım deməkdir.

Uşaqların vəziyyəti isə xüsusilə narahatedicidir. Təxminən 64 min uşaq və yeniyetmə əsas ehtiyaclarını ödəyə bilməyən ailələrdə yaşayır. Bu, onların qidalanmasına, təhsilinə və asudə vaxt imkanlarına mənfi təsir göstərir, eləcə də sosial təcrid riskini artırır.

Təhsil səviyyəsi yüksək və aşağı olan insanlar arasında ömür uzunluğu fərqi altı ildən çoxdur. Bundan əlavə, vaxtından əvvəl ölüm halları aşağı gəlirli qruplarda daha çox rast gəlinir. Valideynlərin sosial-iqtisadi statusu uşaqların akademik göstəricilərinə birbaşa təsir edir: hər dörd şagirddən biri orta məktəbi bitirmir və bu xüsusilə aşağı gəlirli ailələr arasında daha çox müşahidə olunur.

Ekspertlər vurğulayırlar ki, səhiyyə sahəsində bərabərsizliyin azaldılması üçün aktiv dövlət siyasəti zəruridir. İsveç təhsil, səhiyyə və sosial dəstəyə investisiyaları artıraraq 2048-ci ilə qədər mövcud fərqləri aradan qaldırmağı hədəfləyir.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Seçilən
35
2
azertag.az

3Mənbələr