AZ

Hərbi bazalar, gizli çəkilişlər və casusluq: Kiprdə azərbaycanlı işi böyüyür

Kiprdə saxlanılan Azərbaycan əsilli şəxsin işi ətrafında qalmaqal genişlənir. O, hərbi obyektlər ətrafında gizli çəkilişlər aparmaq və topladığı məlumatları İranla əlaqəli strukturlara ötürməkdə şübhəli bilinir.

Musavat.com xəbər verir ki, bu iddialar hələlik rəsmi şəkildə tam təsdiqlənməsə də, istintaq məhz bu versiya üzərində dayanır.

Məlumata görə, 44 yaşlı şəxs Kiprin Limasol şəhərində saxlanılıb və onun üzərindən Böyük Britaniyaya məxsus pasport tapılıb. Ona qarşı beş maddə üzrə ittiham irəli sürülüb. İstintaqın versiyasına əsasən, o, Akrotiri hərbi bazası və Pafos yaxınlığındakı Andreas Papandreou hava bazası ətrafında foto və video çəkilişlər aparıb. İddialara görə, bu materiallar üçüncü tərəfə ötürülüb.

Polis axtarış zamanı onun yaşadığı mənzildən teleobyektivli kamera, mobil telefonlar və digər elektron qurğular aşkar edib. Bu avadanlıqların hərbi obyektlər barədə məlumat toplamaq üçün istifadə olunduğu ehtimal edilir.

Xatırladaq ki, bu barədə daha əvvəl də məlumat vermişdik.

Həmin şəxs artıq işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

O bildirir ki, saxlanılması üçün əsas kimi istifadə olunan məlumatlar xarici kəşfiyyat xidmətindən əldə edilib, lakin bu materiallar nə ona təqdim olunub, nə də məhkəmə tərəfindən tam şəkildə yoxlanılıb. Onun sözlərinə görə, bu, ədalətli məhkəmə hüququnun pozulması deməkdir.

 

Musavat.com

Seçilən
19
44
musavat.com

10Mənbələr