Ukrayna Rusiya tərəfində döyüşmək üçün bu ölkəyə gələn və əsir düşən Azərbaycan vətəndaşını ekstradisiya edib.
Musavat.com xəbər verir ki, Ukrayna Milli Polisinin məlumatına görə, Hacıqabul şəhərində anadan olmuş 45 yaşlı şəxs 2023-cü ilin oktyabrında Rusiya Silahlı Qüvvələri ilə 2 illik müqavilə imzalayıb.
Məlum olub ki, həmin şəxsin əvvəllər heç bir hərbi təcrübəsi olmayıb və o, ingilis dili müəllimi işləyib.
O, qondarma “DNR”in bölmələrindən biri olan 1-ci Slavyan briqadasına daxil edilərək hücum bölüyündə qumbaraatan köməkçisi vəzifəsində xidmət edib. Azərbaycan vətəndaşı döyüşlərdə “Lev” və “Rafiq” çağırış adlarından istifadə edib.
Sözügedən şəxs 2024-cü ilin 21 iyununda Donetsk vilayətinin Oçeretino qəsəbəsi yaxınlığında Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Həmin vaxtdan bəri o, Lvov istintaq təcridxanasında saxlanılırdı.
Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Azərbaycanda həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 12.1 və 279.1-ci maddələri (dövlət hüdudlarından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) ilə ittiham irəli sürülüb. Onu Azərbaycan qanunvericiliyinə əsasən 15 ilə qədər həbs cəzası gözləyir.
Musavat.com