AZ

Özbəkistan və Qazaxıstan XİN-ləri 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar

Özbəkistan və Qazaxıstanın Xarici İşlər Nazirlikləri (XİN) Daşkənddə keçirilən ikitərəfli danışıqların yekunlarına əsasən 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Özbəkistanın XİN rəhbəri Baxtiyor Saidov sosial şəbəkələrdə məlumat yayıb.

"Bu gün nazirlikdə Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi salamlamaq böyük məmnuniyyətdir. Qazaxıstanlı qardaşlarımızı Özbəkistan torpağında görmək bizim üçün səmimi sevincdir. Son illər dövlətlərimizin liderlərinin siyasi iradəsi sayəsində qarşılıqlı fəaliyyətimiz misilsiz səviyyəyə çatıb", - o yazıb.

Nazirin sözlərinə görə, bugünkü danışıqlar konkret xarakter daşıyıb və ikitərəfli, eləcə də çoxtərəfli əməkdaşlığın əsas istiqamətlərini əhatə edib. O qeyd edib ki, danışıqların yekunlarına əsasən Özbəkistan və Qazaxıstanın XİN-ləri arasında 2026-2027-ci illər üçün əməkdaşlıq proqramı imzalanıb.

"Təmasların yüksək dinamikasını, ticarət-iqtisadi və nəqliyyat-logistika sahələrində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialı qeyd etdik. Əminik ki, qarşıdakı danışıqlar Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlığının və müttəfiqliyinin daha da möhkəmlənməsinə əlavə təkan verəcək", - B.Saidov əlavə edib.

Seçilən
9
far.az

1Mənbələr