AZ

31 Mart milli yaddaşın və soyqırım həqiqətlərinin simvoludur

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılar Cənubi Qafqazda ermənilərin soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmış, minilliklər boyu yaşadıqları torpaqlardan zorla deportasiya edilmiş, sürgün və məşəqqətlərə məcbur olmuş, ata-baba yurdlarını tərk etməyə məcbur qalmışlar. Bu proses bəzi xarici qüvvələrin ermənilər üzərindən bölgədə həyata keçirməyə çalışdığı siyasətin bir hissəsi olmuşdur. Başqalarının aləti olmuş ermənilər bu siyasətin icrası zamanı azərbaycanlılara qarşı qanlı cinayətlər törədərək tarixi faciələr yaratmışlar. Azərbaycanlılara qarşı aparılan sistemli qırğınların tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. Rusiya imperiyasının Cənubi Qafqaza daxil olması ilə regionda demoqrafik vəziyyət süni şəkildə dəyişdirilmiş, erməni əhalisinin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi prosesi başlamışdır. Bu proses erməni millətçi dairələrinin irəli sürdüyü mifik “Böyük Ermənistan” ideyasının həyata keçirilməsinə xidmət etmiş, azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və kütləvi qırğınlarla müşayiət olunmuşdur. Xüsusilə 1905–1908-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar tarixə qanlı səhifələr kimi düşmüşdür. 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və erməni daşnak-bolşevik silahlı dəstələrinin iştirakı ilə dinc azərbaycanlı əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədilmişdir. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə on minlərlə insan etnik və dini mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış və tarixi-mədəni irs məhv edilmişdir. Şamaxıda və Qubada törədilən qırğınlar xüsusilə dəhşətli miqyası ilə seçilmiş, yüzlərlə kənd yerlə-yeksan edilmişdir. 2007-ci ildə Qubada aşkar edilmiş kütləvi məzarlıq bu faciənin real sübutu kimi əhəmiyyət kəsb edir. Tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılar 1948–1953-cü illərdə və sonrakı dövrlərdə zorla köçürülmüş, etnik təmizləməyə məruz qalmışdır. 1988-ci ildə isə Ermənistan ərazisində azərbaycanlıların deportasiyası növbəti mərhələyə keçmişdir. Bu proseslər nəticəsində soydaşlarımız amansız qırğınlara məruz qalmış, yüz minlərlə insan həyatını itirmiş və ya öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 1918–1920-ci illərdə İrəvan və Zəngəzur bölgələrində həyata keçirilən qırğınlar genişmiqyaslı etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Həmin illərdə yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, yüz minlərlə insan öldürülmüş və ya qaçqın vəziyyətinə düşmüşdür. Bu proses yalnız fiziki məhv etmə ilə məhdudlaşmamış, həm də azərbaycanlıların tarixi-mədəni irsinin sistemli şəkildə silinməsinə xidmət etmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirmişdir. Bu qərar uzun illər gizlədilmiş həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm dönüş nöqtəsi olmuşdur. Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək 30 dekabr 2009-cu ildə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Sərəncam imzalamış, həmin kompleks soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi faktların əyani şəkildə təqdim olunması məqsədinə xidmət etmişdir. Kompleksdə aparılan tədqiqatlar və nümayiş olunan materiallar ziyarətçilərə hadisələrin real sübutlarını təqdim edir. 2018-ci il yanvarın 18-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla 1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi beynəlxalq səviyyədə tanınması istiqamətində tədbirlər aparılmışdır. Xaricdəki diaspor təşkilatları, elmi mərkəzlər və tədqiqatçılar bu istiqamətdə mühüm rol oynayır, tarixi faktları sənədlərə, arxiv materiallarına və elmi araşdırmalara əsaslanaraq təqdim edirlər. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin faciəsini xatırlatmaqla kifayətlənmir, həm də milli yaddaşın qorunması, ədalətin bərpası və gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılması baxımından əhəmiyyət kəsb edir. Bu günün qeyd olunması xalqımızın tarixi-mədəni irsini qorumaq, soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək və beynəlxalq səviyyədə həqiqətlərin tanıdılması baxımından mühüm addımdır. Tarixi hadisələrin obyektiv şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr