AZ

Dünya CƏHƏNNƏMƏ dönə bilər – İranla müharibədə DƏHŞƏT SSENASİRİ BAŞLADI 

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda İran ətrafında cərəyan edən hadisələr qlobal müharibə riskini yenidən gündəmə gətirib. Kolumbiya Universitetinin professoru, tanınmış amerikalı iqtisadçı Ceffri Saksın son xəbərdarlığı dünya mediasında böyük əks-səda doğurub. Ekspert bildirir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəzarətdən çıxarsa, bu, sadəcə regional münaqişə deyil, faktiki olaraq üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər. Xüsusilə qlobal enerji bazarlarına dəyəcək ağır zərbə və dünyanın görünməmiş iqtisadi böhrana sürüklənmə ehtimalı vəziyyətin nə dərəcədə fəlakətli ssenari ilə nəticələnə biləcəyini göstərir. Region ölkələrinin enerji resursları üzərində kənar nəzarəti qəbul etməməsi isə bu hərbi qarşıdurmanı daha da kəskinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı NOCOMMENT.az danışan professor Qabil Hüseynli bildirib ki, regiondakı hazırkı vəziyyət həqiqətən də “barıt çəlləyi”ni xatırladır: “Ceffri Saksın xəbərdarlığı əsassız deyil, çünki İranla hər hansı irimiqyaslı hərbi toqquşma zəncirvari reaksiya yaradacaq. Bu münaqişəyə təkcə region ölkələri deyil, həm də Rusiya və Çin kimi böyük güclərin dolayısı ilə cəlb olunması qaçılmazdır. Bu isə münaqişənin miqyasını Yaxın Şərq hüdudlarından çıxararaq qlobal səviyyəyə qaldırır”.

Onun sözlərinə görə, İranın coğrafi mövqeyi və enerji dəhlizlərinə nəzarəti dünya iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edir: “Hörmüz boğazının bağlanması və ya neft infrastrukturunun zərər görməsi dünya bazarlarında qiymətlərin sıçrayışına və iqtisadi tənəzzülə səbəb olar.

Bu gün aparıcı dövlətlər başa düşməlidirlər ki, hərbi ambisiyalar və yanlış hesablamalar bəşəriyyəti geri dönülməz bir yola sürükləyə bilər. Siyasi dialoq və beynəlxalq hüquq normaları çərçivəsində həll yolu tapılmasa, eskalasiyanın dayandırılması mümkün olmayacaq”.

Professor bildirib ki, hazırkı şəraitdə ABŞ və müttəfiqlərinin atacağı hər bir addım çox dərindən ölçülüb-biçilməlidir: “Müharibənin başlanması asandır, lakin onun nə vaxt və necə bitəcəyini proqnozlaşdırmaq çətindir. İrana qarşı hərbi əməliyyatlar bütün regionu alova bürüyə biləcək bir qığılcımdır. Beynəlxalq birlik bu təhlükəni vaxtında dərk etməli və tərəfləri masaya oturtmaq üçün təzyiqləri artırmalıdır. Əks halda, Saksın qeyd etdiyi kimi, biz dünya tarixində ən dağıdıcı münaqişələrdən birinin şahidi ola bilərik”.

Tunar
NOCOMMENT.az

Seçilən
33
1
nocomment.az

2Mənbələr