AZ

Səhnəmizin Babəyi qürub etdi amma azadlıq ruhu sönmədi…

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rasim Balayev – qəzəbi ilə tarix yazan Babək, baxışı ilə yaddaşlara həkk olunan sənətkar… O getdi, amma yaratdığı obrazlar hələ də yaşayır.

Azərbaycan kinosunun canlı əfsanəsi, böyük sənətkar Rasim Balayev bu gün sənət səmasında qürub etdi. Amma bu qürub adi bir son deyil – bu, yaddaşlarda əbədi qalacaq bir işığın başqa bir müstəviyə köçməsidir.

Uşaq vaxtı mən onu ən çox Babək kimi sevmişdim. Onun o üsyankar baxışları, azadlıq eşqi, qəzəbi… Sanki sadəcə bir obraz deyildi – bir ruh idi, bir mübarizə idi. O qədər təsir etmişdi ki, Babəyi başqa cür təsəvvür etmək mümkün olmadı mənim üçün. Sonralar Imadaddin Nasimi obrazını da böyük ustalıqla canlandırdı, amma mənim yaddaşımda o, həmişə azadlıq uğrunda savaşan Babək olaraq qaldı.

Mənim üçün isə o, yalnız ekrandakı obraz deyildi. Tələbə illərimdə kinostudiyada onunla qısa, amma unudulmaz bir görüşüm oldu. Öz şəkilləri ilə bəzənmiş bir kitabını mənə hədiyyə etdi. Söhbət əsnasında uşaqlığından danışdı… Bəlkə də çoxlarının bilmədiyi bir faktı o zaman eşitdim: o, Səməndər Rzayev və Mikayıl Mirzə ilə bir sinifdə oxuyub, məktəbin teatr dərnəyində ilk addımlarını atıb. Böyük sənətin toxumu elə o sadə məktəb səhnəsində əkilmişdi.

Onun yaratdığı obrazlar isə bir məktəbdir: “Babək”, “Bəyrək”, “Nəsimi”… Hər biri Azərbaycan kinosunun yaddaşına qızıl hərflərlə yazılıb. O, təkcə rollar oynamadı – obrazlara can verdi, tarixə nəfəs verdi.

Sənət yolu boyunca o, Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə yüksək mükafatlarla təltif olunub – “Xalq artisti” fəxri adı, dövlət mükafatları və tamaşaçı sevgisi… Amma bəlkə də onun ən böyük mükafatı elə xalqın yaddaşında əbədi qalmaqdır.

Bu gün onun ömrünün rəngi saralsa da, işığı sönmədi. Sönməz də…

Çünki Rasim Balayev kimi sənətkarlar əslində ölmür.

Mənim üçün o, hər zaman Babək olaraq qalacaq…

O qəzəbi, o azadlıq eşqi ilə.

Bəyrəyi isə artıq başqa cür təsəvvür etmək mümkün deyil.

Biz onun yeni rollarını görə bilməyəcəyik…

Amma hər dəfə ekrana baxanda, o yenidən diriləcək – baxışlarında, sözündə, ruhunda.

Bəlkə də sənətkarlar getmir… sadəcə xalqın yaddaşında əbədiləşmək üçün səhnədən enirlər.

İlahə Əliyeva

DOĞRU.AZ 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
41
dogru.az

10Mənbələr