AZ

İrana görə skandal: ABŞ ın müttəfiqləri istiqaməti dəyişdi

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Bloomberg” agentliyinin ABŞ Prezidenti Donald Trampla bağlı məqaləsi maraqla qarşılanıb. Nəşr yazır ki, Tramp prezidentliyinin ilk ilində faktiki olaraq Qərbi Avropa ölkələri ilə 80 illik ittifaqı zəiflətdi. Görünür, indi eyni vəziyyət Fars körfəzi ölkələri ilə də təkrarlanır.

Bildirilir ki, region ölkələri İranla müharibə fonunda Vaşinqtonun hərəkətlərindən getdikcə daha çox məyus olurlar. Xüsusilə, ABŞ-ın müttəfiqlərini İranın zərbələrindən qoruya bilməməsi və Tramp administrasiyasında aydın strategiyanın olmaması onları narahat edir.

Mənbələr qeyd edirlər ki, ərəb ölkələri artıq öz ərazilərində Amerika hərbi bazalarının yerləşdirilməsinin məqsədəuyğunluğunu sual altına alırlar. Çünki bu bazalar onları İranın zərbələri üçün hədəfə çevirir.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ABŞ-ın Yaxın Şərq siyasətində son dönəmdə müşahidə olunan qeyri-müəyyənlik Körfəz ölkələrinin təhlükəsizlik arxitekturasına yanaşmasını ciddi şəkildə dəyişir:

“Tramp administrasiyasının İranla bağlı addımlarında ardıcıl strategiyanın görünməməsi, xüsusilə müttəfiqləri birbaşa risklərdən qorumaqda passiv təsir bağışlaması bu ölkələrdə “təhlükəsizlik zəmanəti” anlayışını sarsıdır. Əgər əvvəllər ABŞ hərbi mövcudluğu deterrensiya funksiyası daşıyırdısa, indi əksinə, həmin bazaların İran üçün legitim hədəfə çevrilməsi paradoksal vəziyyət yaradır. Bu isə Körfəz dövlətlərini daha praqmatik və riskləri minimallaşdıran siyasətə yönəldir: yəni açıq qarşıdurmadan qaçmaq, eyni zamanda Vaşinqtondan asılılığı tədricən azaltmaq.

Züriyə Qarayeva

Digər tərəfdən, yaranan bu etimad boşluğu geosiyasi balansın yenidən qurulmasına şərait yaradır. Körfəz ölkələrinin alternativ tərəfdaş axtarışı, xüsusilə Çinə yönəlməsi, artıq regionda çoxqütblü təhlükəsizlik modelinə keçidin siqnalıdır. ABŞ-ın mümkün “yarımçıq razılaşma” ssenarisi ilə regiondan qismən geri çəkilməsi ehtimalı isə ərəb ölkələrini İranla tək qalmaq qorxusu ilə üz-üzə qoyur. Bu kontekstdə onlar həm öz müdafiə imkanlarını gücləndirməyə, həm də diplomatik kanalları genişləndirməyə məcbur qalırlar. Nəticə etibarilə, Trampın siyasəti yalnız taktiki narazılıq yaratmır, həm də uzunmüddətli perspektivdə ABŞ-ın regiondakı hegemon rolunun aşınmasına zəmin hazırlayır”.

Turan Rzayev

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
5
globalinfo.az

5Mənbələr