AZ

Qayıdışın, dirçəlişin və qürurun baharı

Azad olunmuş torpaqlar belə oyanır

Qarabağın vəı Şərqi Zəngəzurun azad edilmiş ərazilərində kənd və şəhərlərin yenidən qurulması prosesi sürətlə həyata keçirilir. Bahar büsatına sevinclə bürünən, başı üzərində üçrəngli bayraqlarımız qürurla dalğalanan ərazilərdə, o cümlədən, Zəngilanda müasir yaşayış kompleksləri inşa edilib və indi sakinlər mərhələli şəkildə doğma yurdlarına qayıdırlar. Tarixi və mədəni abidələrin bərpası da diqqət mərkəzində saxlanılır, məscidlər, məqbərələr və digər mədəniyyət nümunələrinə yenidən həyat verilir.

Elə Novruz bayramı ilə Rmazan bayramının qovuşduğu günlərdə Prezident İlham Əliyevin Ağdərə rayonuna növbəti səfəri bunun bariz nümunəsidir. Səfər çərçivəsində rayonun Çapar, Heyvalı, Çıldıran, Aşağı Oratağ kəndlərində görülən işlərlə, eləcə də Ağdərə şəhərinin baş planı ilə tanışlıq dövlət başçısının bu ərazilərin gələcək inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir.  

Bəli, bahar azad edilmiş torpaqlara tamam başqa şəkildə gəlir. Çiçəyi çırtlayan bu torpaqlar yazı illər uzunu həsrətlə gözləyib və indi onu daha böyük fərəhlə qarşılayır. Füzuli rayonunun Horadiz qəsəbəsindən Zəngilan istiqamətində uzanan Arazboyu ərazilərdə torpağın nəfəsini, təbiətin dirçəlişini və azadlığın sevincini hiss etməmək mümkün deyil. Uzun illər düşmən tapdağı altında qalan, faşist siyasəti nəticəsində atəşkəs dövründə belə viran qoyulan bu torpaqlar indi azadlığın işığında yenidən oyanır. Çünki bu torpaqlar artıq oyandıqca ətrafında dağıntı və vandallıq deyil, quruculuq görür. Hər tərəfdə tikilən yollar, ucalan binalar, salınan yeni yaşayış məntəqələri torpağın yaddaşına yeni bir tarix yazır. İllərin nisgili sanki torpağın sinəsindən qalxır. Baharın nəfəsi ilə birlikdə qayıdışın sevinci, zəfərin qüruru və gələcəyə ümid də bu torpaqlarda oyanır.

Yolboyu qarşılaşdığımız Lələtəpə məğrur duruşu ilə qəhrəmanlıq tariximizi xatırladır. Bu yüksəklik təkcə bir coğrafi məkan deyil, həm də igidliyimizin, qətiyyətimizin və sarsılmaz iradəmizin simvoludur. Buradan baxanda insan bir daha anlayır ki, torpaq uğrunda verilən qurbanlar bu gün dirçələn həyatın ən böyük təməlidir.

Bir vaxtlar tamamilə dağıdılan Soltanlı kəndi bu gün yenidən qurulur. Müasir evlər, inzibati binalar və abad küçələr burada həyatın yenidən başlandığını göstərir. Dünənin viranəsi bu gün sabahın ümidinə çevrilir.

Zəngilan rayonunun ərazisinə daxil olan kimi insanı dünyanın dağıntılar altından “doğulan” ən yeni yaşayış məkanlarından biri olan Ağalı kəndi qarşılayır. “Ağıllı kənd” layihəsi bu torpaqlarda yalnız texnoloji yenilik deyil, həm də yeni həyatın rəmzidir. Dövlətin iqtisadi gücü, xalqın birliyi və quruculuq əzmi burada torpağın oyanışını əsl inkişaf salnaməsinə çevirib.

Rayon mərkəzinə gedən yolda qarşımıza çıxan “Koroğlu daşı” sanki illərin həsrətini yaşayırdı. Uşaqlıq xatirələrimin, keçmiş günlərin şahidi olan bu yerlər bu gün tamamilə başqa bir ruhla yaşayır. Ətrafda yüksələn quruculuq, tikilən yollar və yeni həyatın səsi burada zəfərin əbədiliyini pıçıldayır.

Bu torpaqların səmasında isə artıq qələbənin qanadları görünür. Zəngilan Beynəlxalq Hava Limanı sanki azad torpaqların dünyaya açılan qapısı kimi ucalır. Bu hava limanı yalnız bir nəqliyyat infrastrukturu deyil qayıdışın, inkişafın və gələcəyin simvoludur.

Rayon mərkəzinə girişdə yerləşən Zəngilan Şəhidlər Xiyabanı isə bu torpağın qəhrəmanlıq salnaməsini yaşadır. Yaxşı yadımdadır, 1993-cü ilin mart ayında - müharibənin ən ağır anlarında mənim də iştirakımla burada salınan xiyabanda dəfn olunan və hər addımda Vətən uğrunda canından keçən igidlərin xatirəsi insanın qəlbini qürurla doldurur.

Uzun illər düşmən vandallığının izlərini daşıyan və Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Zəngilan məscidi xalqımızın mənəvi gücünü, vətənpərvərliyini və qonaqpərvərliyini təcəssüm etdirir. Tarixin sınaqlarından çıxmış bu müqəddəs məkan sanki oyanan torpaqlara ruh verir.

Bir vaxtlar viran qoyulmuş yaşayış binaları da artıq yenidən qurulub. Müasir görkəmdə bərpa edilən evlər öz sakinlərini səbirsizliklə gözləyir. Mənzillərin püşkü atılıb və tezliklə bu evlərin qapıları yeni həyatın, qayıdışın sevincinə açılacaq. Dövlətimizin daxili imkanları hesabına sürətlə həyata keçirilən bərpa-quruculuq işləri rayonun görkəmini tamamilə dəyişir.

Bu torpaqlarda bahar sadəcə bir fəsil deyil. Bu növbəti dəfə azadlığın baharı olmaqla qayıdışın, dirçəlişin və qürurun baharıdır.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

 

 

Seçilən
31
1
xalqqazeti.az

2Mənbələr