AZ

"İlk seçimimin “Sabah”da qalmaq, klubla tarix yazmağa davam etmək olduğunu bildirmişəm" - MÜSAHİBƏ

"Sabah"ın müdafiəçisi İqor Noqeyra Sportal.az saytına müsahibə verib.

- Hazırda milli komandalara görə fasilə yaranıb. İstirahətini Bakıda etdin, yoxsa Braziliyada? 

- Fasilə zamanı bir neçə şeyi yoluna qoymaq üçün Portuqaliyaya yollanmışdım. Bir az fasilə verib dincəlmək vaxtı idi. Belə də etdim. 

- “Sabah” fasilədən öncəki son matçında “Sumqayıt”ı məğlubiyyətə uğratdı. Həmin görüş sizin üçün necə alındı?

- “Sumqayıt”a qarşı görüş oyun tərzimizi tətbiq edib, müsbət nəticə qazandığımız başqa oyun oldu. Komandamızın çox yaxşı çıxışı idi. Layiqli qalibiyyət əldə etdik.

- “Sabah” üçün matçların bu qədər uğurlu və sanki asan, rahat alınmasının səbəbi nədir? “Sabah” nəyə görə hazırda qarşısıalınmazdır?

- Bunun səbəbi gündəlik işimiz və futbolda hər şeyin mümkün olduğuna inamımızdır. Asan oyunlar olmur. Amma biz həmişə meydana əlimizdən gələni etməyə çalışaraq çıxırıq və buna görə də işlər yaxşı gedir.

- “Sabah”ın əsas rəqibi olan “Qarabağ” “Kəpəz”ə uduzdu. Yəqin ki, bu nəticə sizi çox sevindirdi?

- Mən Portuqaliyada idim və matçı izləmədim, yalnız nəticəni gördüm. Daha çox öz performansımıza və nəticələrimizə diqqət yetiririk.

- Hazırda xal fərqi 10-a çatıb. Bu xal fərqi “Sabah”a arxayınçılıq verəcək? Bu sizin üçün mənfi hal ola bilər? 

- Xal fərqinə gəldikdə, bizim üçün sanki hər şey sıfırdan başlayır. Yalnız növbəti matça diqqət yetiririk. Əlimizdən gələni edirik və müsbət nəticə üçün çalışırıq.

- Düşünmək olar ki, “Sabah” artıq çempionluğun taleyini həll edib və çempiondur? Buna baxmayaraq, qarşıda “Qarabağ”a qarşı 3 oyun sizi gözləyir. Biri liqa, digəri kubok matçlarıdır...

- Bizim üçün hər oyun final kimidir. Mövsümün əvvəlindən bəri düşüncə tərzimiz belədir və bu, komandanın uğurunu izah edir. “Qarabağ”la yarımfinalda qarşılaşacaq. Bu, yarımfinal, böyük oyundur və bir daha əlimizdən gələni edib qələbə üçün mübarizə aparacağıq.

- “Sabah” avrokuboklara vəsiqə qazanarsa, gözləntilər yüksək olacaq. “Qarabağ” kimi uğurlu çıxış edə biləcəksiz?

- Özümüzü rəqiblərimizlə müqayisə etməyə ehtiyac yoxdur. “Sabah” ölkədə inkişaf edən gənc klubdur və təsnifat mərhələsinin baş tutmasını düşünsək, klubun irəliləmək üçün lazım olan hər şey var.

- Braziliya mətbuatına açıqlama vermişdin və bildirmişdin Səudiyyə Ərəbistanı və Braziliyadan təkliflərin var. Mövsümün sonunda “Sabah”la müqavilə imzalayacaqsan, yoxsa ayrılacaqsan?

- Heç vaxt təklifim olduğunu deməmişəm, klubların mənimlə əlaqə saxladığını, maraq göstərdiyini və şərtlər barədə soruşduğunu, xüsusən də müqaviləm mövsümün sonunda başa çatdığını demişəm. Həmişə ilk seçimimin “Sabah”da qalmaq və bu klubla tarix yazmağa davam etmək olduğunu açıq şəkildə bildirmişəm. Amma bu artıq tamamilə mənim əlimdə deyil.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
39
1
sportal.az

2Mənbələr